“Adıma və xidmətlərimə hörmət edən klubu seçdim” - Polina Rəhimovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

29 Oktyabr 2026 15:04
63
“Adıma və xidmətlərimə hörmət edən klubu seçdim” - Polina Rəhimovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan voleybolunun tanınmış simalarından olan, "DH Volley" klubunun kapitanı Polina Rəhimova komandanın CEV Çağırış Kubokundakı debüt oyunu barədə təəssüratlarını bölüşüb, Azərbaycana qayıdışının onun üçün necə keçdiyindən danışıb.

İdman.Biz-ə müsahibəsində voleybolçu CEV Çağırış Kubokunun 1/32 final mərhələsində Danimarkanın “Holte İF” klubu ilə qarşılaşmanın asan keçmədiyini bildirib. "DH Volley" bu oyunda 3:1 hesabı ilə qalib gəlib (25:14, 26:24, 22:25, 25:22).

“Çox maraqlı və atmosferli oyun oldu, amma bir qədər çətinlik çəkdik. Çünki başqa ölkədə idik və idman zalı soyuq idi. Danimarkada oynamaq xoşuma gəldi. Rəqibimiz təzyiq göstərərək bizi sındırmağa çalışırdı. Təəssüf ki, yol verməməli olduğumuz sadə səhvlər etdik. Yəqin ki, bu, həyəcan və müəyyən stresslə bağlı idi. Çünki ilk dəfə idi ki, xaricdə birlikdə oynayırdıq. Bununla belə, düşünürəm ki, yaxşı mübarizə apardıq və çətin vəziyyətdən çıxmağı bacardıq”, - deyə Rəhimova bildirib.

Təcrübəli voleybolçu əlavə edib ki, bu qarşılaşma komandaya üzərində işləməli olduğu məqamları da göstərib. "DH Volley" buraxdığı səhvləri aradan qaldırmağı, güclü tərəflərini daha da inkişaf etdirməyi və çatışmazlıqlarını düzəltməyi hədəfləyir.

“Biz müsbət məqamlara diqqət yetirir və komandanı daha da təkmilləşdirməyə çalışırıq. Ən əsası, qələbə qazandıq və bizim üçün çox vacib olan üç xalı əldə etdik. Bakıda, öz meydanımızda oynamaq bizim üçün daha asan olacaq. Əminəm ki, düzgün yoldayıq”, – deyə kapitan vurğulayıb.

Rəhimovanın sözlərinə görə, komandanın həm CEV Çağırış Kubokunda, həm də Azərbaycan çempionatında böyük hədəfləri var.

“Düşünürəm ki, hər bir komanda qarşısına ən yüksək məqsədlər qoymalıdır. Əks halda, komanda yaratmağın və bu idman növü ilə məşğul olmağın nə mənası var? Qarşımıza böyük hədəflər qoymuşuq və mümkün olan bütün titulları qazanmaq istəyirik. Əlbəttə, reallığı da nəzərə alırıq və Çağırış Kubokunda mübarizənin asan olmayacağını anlayırıq. Buna baxmayaraq, mümkün qədər irəli getməyə çalışacağıq. Azərbaycan çempionatında isə məqsədimiz çempion olmaqdır”, - deyə voleybolçu bildirib.

Polina Rəhimova cari mövsüm üçün şəxsi hədəflərindən də danışıb. O, çempionat başa çatdıqdan sonra oyunçu karyerasını bitirməyi planlaşdırır və bunu çempionluqla başa vurmaq istəyir.

“Karyeramı Azərbaycan çempionatının qızıl medalı ilə başa vurmaq istəyirəm. Niyə də ən yaxşı hücumçu, diaqonal hücumçu və ya bombardir mükafatını da qazanmayım? Düşünürəm ki, bunların hamısı mümkündür. Özünə inanmaq, üzərində çalışmaq və gənclər üçün nümunə olmaq lazımdır. Bu da az əhəmiyyət daşımır”, - deyə idmançı vurğulayıb.

Polina Rəhimova Azərbaycanda klub voleyboluna qayıtmaqla bağlı təəssüratlarını da bölüşüb.

“Əvvəllər Azərbaycanda oynayanda çempionatın səviyyəsi xeyli yüksək idi. Təəssüf ki, hazırda liqanın səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bununla belə, əminəm ki, federasiya rəhbərliyi çempionatı gücləndirmək, ölkədə voleybolu ümumilikdə inkişaf etdirmək və onu, belə demək mümkündürsə, feniks kimi yenidən dirçəltmək üçün əlindən gələni edir.

Voleybolun səviyyəsini yüksəltmək lazımdır. Meydanda eyni vaxtda iki azərbaycanlı voleybolçunun olmasını tələb edən qaydanı çox müsbət qarşılayıram. Hesab edirəm ki, bu, milli komandamızın gələcək inkişafı baxımından vacib şərtdir”, – deyə Rəhimova qeyd edib.

Sonda təcrübəli voleybolçu karyerasının son mövsümündə məhz "DH Volley" klubunu seçməsinin səbəbini açıqlayıb.

“Bu barədə agentimlə danışdım. O, Azərbaycandakı bir neçə klubla əlaqə saxladı. Mən isə ən müsbət və sevindirici cavab verən klubu seçdim. Özümə hörmət edirəm. Buna görə də klub prezidentinin məni komandasında görmək istəməsi, Azərbaycana qayıtmağıma sevinməsi, adıma və xidmətlərimə hörmətlə yanaşması mənim üçün vacib idi. Məhz buna görə bu komandanı seçdim. Hər şeyi olduğu kimi, səmimi və açıq şəkildə deyirəm. Ümid edirəm ki, kluba böyük fayda verəcəyəm”, – deyə voleybolçu bildirib.

Qeyd edək ki, Azərbaycan voleybolunun ən tanınmış oyunçularından biri olan Polina Rəhimova bu il milli komandadakı karyerasını başa vurub. O, yığmanın heyətində sonuncu dəfə Avropa çempionatında çıxış edib.

İdman.Biz