Fərid Cəlalov: “Yığmanın yenilənməyə ehtiyacı var”

Müsahibə
28 Fevral 2024 11:16
298
Fərid Cəlalov: “Yığmanın yenilənməyə ehtiyacı var”

“Bu milli komandaya ikinci təyinatımdır. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin təşəbbüsü ilə qayıdışım gerçəkləşdi”.

Bunu İdman.bizə kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Fərid Cəlalov deyib.

O, yığmaya dönüşünü şərh edib: “Hər zaman millidə çalışmaq böyük fəxr olub. İndi də əsas komandada işləyəcəyim üçün qürur hissi keçirirəm. Əlimizdən gələnin edəcəyik ki, kişilərdən ibarət yığmamızı inkişaf etdirək. Əsas məqsədimiz millidə gənclərə üstünlük verməkdir. Qarşıya qoyduğumuz planlar artıq Federasiya rəhbərliyinə təqdim olunub”.

Cəlalovun sözlərinə görə, əsas hədəf yeni nəslin yetişdirilməsi olacaq: “Hazırda federasiyamız aşağı yaş qruplarına daha çox önəm verir. Növbəti illərdə milli komandada yerli voleybolçuların üstünlük təşkil etməsi prioritet mövzudur. Bu yöndə işlər gedir. Biz də öz növbəmizdə çalışacağıq ki, bu istiqamət üzrə hərəkət edək. Hazırda da regionlardan Bakıya gətirilən azyaşlı uşaqların hazırlıq prosesi gedir. Yaşlı voleybolçularımızın bir neçəsi öz karyerasını başa vurub, məşqçi kimi fəaliyyət göstərirlər. Amma bu gün millinin yenilənməsi lazımdır. Gənc oyunçulardan ibarət komanda yaratmağı düşünürəm”.

Qızıl Avropa Liqası barədə öz fikirlərini bölüşən baş məşqçi vurğulayıb ki, burda da maksimum nəticə üçün çalışacaqlar: “Yarışın bir mərhələsi mayın 17-19-da Bakıda olacaq. Rumıniya və Ukrayna komandaları ilə qarşılaşacağıq. Aprelin 30-da Azərbaycan çempionatı bitəcək. Artıq bu yarışlara hazırlaşmağa çox vaxtımız qalmır. Oyundan əvvəl 10 gün ərzində komandada böyük dəyişiklik edəcəm, bütün rəqibləri udacağıq, desəm yalan olar. Düzdür, biz meydana bir mənalı şəkildə qələbə üçün çıxacağıq. Başqa bir söz ola bilməz. Ölkəmizi və bayrağımızı layiqincə təmsil edəcəyik. Amma vaxt etibarı ilə zamanımız azdır. Önümüzdə isə daha mötəbər yarışlar var və bu turnirlərə hazırlaşmaq üçün də yetərincə zamanımız olacaq”.

Qeyd edək ki, Cəlalov həm də “Murov Az Terminal” klubunun baş məşqçisidir.

Banuçiçək Hüseynli
İdman.biz