Yaponiyalı voleybolçu Minami Yoşioka yeni mövsümdə “Turan”ın heyətində çıxış edəcək. Azərbaycan çempionu avrokuboklarda debütü öncəsi heyətini gücləndirməkdə davam edir. Liberonun transferinin komandanın qəbul xəttində oyun keyfiyyətini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
Klubun yeni transferi İdman.Biz-ə keçidi və onun üçün yeni olan Azərbaycan çempionatında çıxışla bağlı gözləntilərindən danışıb.
Yoşioka Yüksək Liqada oynamaq fürsətini böyük həvəslə gözlədiyini bildirib:
“Bu keçidi karyeramda yeni mərhələ kimi qiymətləndirirəm. Ötən mövsüm Almaniyada “Tüürinqen”də çıxış etdim və bu, mənim üçün Avropadakı ilk təcrübə idi. İndi isə “Turan”da oynayacağam. Qarşıda bizi Çempionlar Liqası və çox sıx mövsüm gözləyir. Bundan daha yaxşısını təsəvvür etmək çətindir! Təklifi qəbul etməzdən əvvəl klub, onun ambisiyaları və qarşıdakı mövsümlə bağlı hədəfləri barədə çox məlumat əldə etdim. Bu da qərar verməyimə kömək etdi”.
Karyerasının böyük hissəsini vətənində keçirən Yoşioka 2019/20 mövsümündə Yaponiya çempionatının ən yaxşı liberosu seçilib. O, həmçinin bir neçə il Filippinlər liqasında çıxış edib. Yaponiyalı voleybolçu ötən mövsümü isə “Tüürinqen”də uğurla keçirib və komandasının “qızıl dubl”a imza atmasına - çempionluq və ölkə kubokunu qazanmasına kömək edib.
Beləliklə, “Turan” heyətinə təcrübəli və səviyyəli oyunçu qatıb. Yoşioka yeni komandasında da əlindən gələni edəcəyini vurğulayıb:
“Mən həmişə meydanda bütün gücümlə mübarizə aparmağa və komandamın qələbə qazanması üçün əlimdən gələn hər şeyi etməyə çalışıram. Ümid edirəm ki, Yaponiya, Almaniya və digər ölkələrdə qazandığım təcrübə Azərbaycan çempionuna faydalı olacaq. Komanda yoldaşlarımla, məşqçilər korpusu ilə və azarkeşlərimizlə tanış olacağım günü səbirsizliklə gözləyirəm. Mümkün qədər tez uyğunlaşmaq, ən yaxşı voleybolumu nümayiş etdirmək və birlikdə yüksək nəticələr əldə etmək istəyirəm. Əminəm ki, bizi maraqlı mövsüm gözləyir”.
Qeyd edək ki, “Turan” heyətini ciddi şəkildə gücləndirir. Yaponiyalı libero ilə yanaşı, komandaya serbiyalı hücumçu Marta Drpa, slovakiyalı pasör Barbora Koşekova, həmçinin Azərbaycan millisinin üzvləri Mariya Kirilyuk və Ceyran İmanova qoşulublar. Bundan başqa, komandanın kapitanı Ayşan Abdullazimova və Yuliya Kerimova da yeni mövsümdə Azərbaycan çempionunun heyətində çıxışlarını davam etdirəcəklər.
