Avropa çempionatı üçün 250 könüllü hazırlaşacaq

27 İyul 2026 15:22
119
Avropa çempionatı üçün 250 könüllü hazırlaşacaq

Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley 2026) üçün könüllülərin seçimi başa çatıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 21-28-də Bakıda təşkil olunacaq yarış çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.

Proqrama müraciət edən 2000-ə yaxın namizəddən 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla keçərək turnirdə könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb.

Seçilmiş könüllülər yaxın günlərdə təlim proqramlarına cəlb olunacaqlar. Təlimlər zamanı onlar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 2026-cı il avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. C qrupunun Bakıda baş tutacaq oyunları isə avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman.Biz