“Azərbaycan millisinin oyunçu-məşqçisi olmaq istəyirəm” - Polina Rəhimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

7 İyul 2026 16:25
84
“Azərbaycan millisinin oyunçu-məşqçisi olmaq istəyirəm” - Polina Rəhimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

“Azərbaycan qadın voleybol millisinin baş məşqçisinin köməkçisi ola bilərdim. Bu, çətin deyil. Üstəlik, indi yeni qaydalar qüvvədədir, həmin qaydalara əsasən qadın komandasının məşqçilər korpusunda ən azı bir qadın olmalıdır. Düşünürəm ki, necə deyərlər, “sistemi aldatmaq” və oyunçu-məşqçi olmaq mümkündür”.

Bunu İdman.Biz-ə açıqlamasında Azərbaycanın titullu voleybolçusu Polina Rəhimova ölkəmizdə keçiriləcək Avropa çempionatına hazırlığı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ən yaxşı və düzgün variant olardı. Lakin son söz federasiya rəhbərliyinə məxsusdur. Bununla belə, o, gələcəkdə özünü baş məşqçi rolunda görmür:

“Məşqçi kimi hazır deyiləm. Bunu öyrənmək lazımdır, oyunçu karyerasından dərhal sonra məşqçi ola bilməzsən, bu, hər kəsə verilmir. Əvvəlcə köməkçi kimi yanında olmaq lazımdır. Məşqçilər dirijorlar kimidir: onlar müxtəlif olur. Kimsə daha xaotik, kimsə daha sakitdir. Öz üslubunu tapmaq lazımdır və bundan sonra artıq tam məşqçilik karyerası barədə düşünmək olar. Amma açığı, mənim belə bir arzum və ya istəyim yoxdur. Kömək edə bilərəm, amma bunun mənim peşəm olduğunu düşünmürəm”.

O vurğulayıb ki, bu Avropa çempionatı onun üçün xüsusi olacaq, çünki karyerasında sonuncu olacaq:

“Mən bura sonuncu dəfə milliyə qoşulmağa, Faiq Qarayevi təqaüdə yola salmağa gəlmişəm. Burada olmaq mənim üçün çox vacibdir, çünki tezliklə karyeramı bitirəcəyəm. Mənim də yaşım var, ailə istəyirəm və buna görə də düşünürəm ki, Azərbaycana borcumu qaytarmaq, təşəkkür etmək üçün nə edə bilərəm.

Yəni bu yolla ölkəyə minnətdarlığımı göstərmək və bəlkə də qızlar üçün bir növ yay düşərgəsi təşkil etmək istəyirəm. Onlara öz sirlərimi açıram. Ümid edirəm ki, bu, gələcəkdə voleybolun inkişafına hansısa formada kömək edəcək”.

O, qarşıdakı Avropa çempionatını Azərbaycan millisinin dördüncü yeri tutduğu 2017-ci ildəki ev qitə birinciliyi ilə müqayisə edib:

“2017-ci ildə yaxşı nəticəmiz oldu, amma komanda da buna uyğun idi. Həmin vaxt millinin səviyyəsi yüksəlmişdi, yəni milliləşdirilmiş idmançılar artıq böyümüşdülər və Faiq müəllim öz gücünü, enerjisini ortaya qoymuşdu. Biz də bu nəticəni verdik. Ən azı ehtiyat oyunçular skamyamız var idi, seçim edə bilirdik. İndi bir qədər çətindir, amma kimi bacardıqsa, hamını topladıq. Bu dəfə nəticənin necə olacağını bilmirəm, amma ümid edirəm ki, heç olmasa qrupdan çıxacağıq. Çünki əvvəlki çempionatda, təəssüf ki, bunu edə bilməmişdik”.

Rəhimova əlavə edib ki, qarşıdakı mövsüm onun klub karyerasında da sonuncu olacaq:

“Bəli, mən hələ bir il də oynamaq və sonra bitirmək istəyirəm, çünki 36 yaşım var, uşaq dünyaya gətirmək istəyirəm. Hələ gecikmirəm, son vaqona minirəm (gülür). Hələ oynayacağım klubun adını açıqlamıram. Bu, hamı üçün sürpriz olacaq, çünki heç kim bunu gözləmir”.

İdman.Biz