“Məqsədimiz bacardığımız qədər irəliləməkdir”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatındakı hədəfləri və Gümüş Avropa Liqasının komandaya nə qazandırdığı barədə danışıb.
Qarayev bildirib ki, Gümüş Avropa Liqasında əsas məqsəd nəticədən çox, komandanın hazırlığını təmin etmək idi:
“Mən orada hər şeyi göstərmirdim. Əsas heyətlə oynamırdıq. Çünki rəqiblərimiz bütün oyunlarımızı izləyir, taktikanı və oyunçuları analiz edirdilər. Amma bugündən etibarən komanda tam heyətlə hazırlıqlara başlayır. Vaxtımız çox deyil. Gənc oyunçulara da şans verdik. Məqsədimiz onların oyun təcrübəsi qazanması idi. Bu turnirdə əsas məqsədimiz komandanın oynaması və təcrübə toplaması idi.
İlk hədəfimiz qrupdan çıxmaqdır. Qarşıda isə 1/8 və 1/4 final mərhələləri var. Məqsədimiz bacardığımız qədər irəliləməkdir. İnşallah, daha da irəli gedəcəyik”.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-i Milli Gimnastika Arenasında keçiriləcək.
