“Qarşıdan gələn yarışda voleybolçularımıza uğurlar arzulayıram. İnanıram ki, onlar hazırlıq prosesini yüksək səviyyədə keçirəcək və oyunlara maksimum hazır vəziyyətdə çıxacaqlar”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Bakıda qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir:
“Müxtəlif idman növlərində çoxsaylı uğurlarımız var. İdmançılarımız nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycan bayrağını yüksəldirlər. Biz də voleybolun inkişafı istiqamətində bu siyasəti davam etdiririk. Məqsədimiz voleybolçularımızın səviyyəsini yüksəltmək, onların beynəlxalq turnirlərdə uğurlu çıxışı üçün lazımi şərait yaratmaqdır. Avropa çempionatında da yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik. Voleybol tarixən Azərbaycanın ənənəvi və uğurlu idman növlərindən biri olub. Tarixə nəzər salsaq, voleybolçularımızın qazandığı nailiyyətlərdən uzun-uzadı danışmaq olar”.
Federasiya rəhbəri Avropa çempionatında azarkeş dəstəyinin əhəmiyyətinə də toxunub. O, federasiyanın da bu istiqamətdə işlər gördüyünü söyləyib.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-i Milli Gimnastika Arenasında keçiriləcək.
