Cəlil Cəfərov Çempionlar Liqasının final mərhələsinə nəzarət edir

3 May 2026 11:29
179
Cəlil Cəfərov Çempionlar Liqasının final mərhələsinə nəzarət edir

Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri və Avropa Voleybol Konfederasiyası (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov mötəbər turnirdə iştirak edir. O, Türkiyənin İstanbul şəhərində təşkil olunan qadınlar arasında Çempionlar Liqasının “Dördlər finalı”nda CEV nümayəndəsi kimi fəaliyyət göstərir.

İdman.Biz xəbər verir ki, Cəlil Cəfərov nüfuzlu yarış zamanı hakimlərin və supervayzerin fəaliyyətini qiymətləndirir. O, həmçinin oyunların beynəlxalq standartlara uyğun təşkili və idarə olunmasına birbaşa nəzarəti həyata keçirir.

Qeyd edək ki, Avropanın ən güclü qadın voleybol klublarının mübarizə apardığı builki həlledici mərhələdə İtaliyanın “A. Carraro Prosecco DOC Conegliano” və “Savino Del Bene Scandicci”, həmçinin Türkiyənin “VakıfBank” və “Eczacıbaşı” komandaları çempionluq uğrunda yarışırlar.

İdman.Biz