Vüqar Məmmədov: “Başa çatan mövsümü gələcək üçün baza kimi qiymətləndiririk”

24 Aprel 2026 12:53
201
Vüqar Məmmədov: “Başa çatan mövsümü gələcək üçün baza kimi qiymətləndiririk”

“Bəzən idmanda nəticəni detallar müəyyənləşdirir. Bu mövsüm bizim üçün əsas detal aparıcı oyunçuların həlledici məqamda sıradan çıxması oldu”.

Bu sözləri qadın voleybolçulardan ibarət UNEC klubunun prezidenti Vüqar Məmmədov başa çatan mövsümü dəyərləndirərkən deyib.

O bildirib ki, mövsümü ümumilikdə iki fərqli mərhələ kimi xarakterizə etmək olar.

“Mövsümün ilk yarısı bizim üçün çox uğurlu keçdi. Komanda sabit və inamlı oyun nümayiş etdirdi, çempionatın ilk dövrəsini turnir cədvəlinin üçüncü pilləsində başa vurdu. Bu, həm kollektivin potensialını, həm də qurulan sistemin effektivliyini göstərirdi. Sonda isə doqquz komanda arasında beşinci olduq. Əlbəttə, daha yüksək nəticə gözləntisi var idi. Lakin mövcud şərtləri nəzərə alsaq, başa çatan mövsümü həm dərs, həm də gələcək üçün baza kimi qiymətləndiririk. Düşünürəm ki, düzgün sistem ilə UNEC növbəti mövsümdə daha iddialı olacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Klub rəhbərinin sözlərinə görə, yanvar ayında iki aparıcı voleybolçunun zədələnməsi komandanın çıxışına ciddi təsir edib:

“Təəssüf ki, bu amil mövsümün gedişinə mənfi təsir göstərdi. Aparılan intensiv müalicəyə baxmayaraq, onların əvvəlki oyun ritmi və performansı tam bərpa olunmadı. Bu da nəticələrdə özünü göstərdi. Buna baxmayaraq, komanda mübarizə ruhunu qorudu. Play-off mərhələsində “Gəncə” ilə çox gərgin və yüksəksəviyyəli qarşılaşma keçirdik. Oyunun taleyi beş setdə həll olundu. Məğlub olsaq da, komanda sonadək xarakter nümayiş etdirdi”.

V. Məmmədov mövsümün müsbət tərəflərinə də toxunub:

“Voleybolçularımızın mövsümün böyük hissəsində göstərdiyi rəqabətqabiliyyətli oyun, komanda ruhu və potensialı xüsusi qeyd olunmalıdır. UNEC artıq çempionatda iddialı komandalar sırasında yer aldığını sübut etdi. Gənc və perspektivli heyətin formalaşması da mühüm amillərdəndir”.

İdman.Biz