“Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm” - Coselin Landerosun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

23 Aprel 2026 16:46
193
“Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm” - Coselin Landerosun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Meksikalı voleybolçu Coselin Landeros üçüncü cəhddə Azərbaycan Voleybol Yüksək Liqasının qızıl medallarını qazanıb.

“Abşeron”la iki dəfə gümüş medal əldə edən libero bu dəfə “Turan”ın heyətində çempionluğa sevinib.

O, gərgin mövsümün təəssüratlarını İdman.Biz-lə bölüşüb.

- Komanda tarixində ilk çempionluğu necə qeyd etdiniz?

- Bunlar inanılmaz emosiyalar idi. Finalın son topundan dərhal sonra sevinc, göz yaşları, qucaqlaşmalar yaşandı. Klub üçün xüsusi bir iş gördüyümüzü anlayırdıq. Hamımız birlikdə – məşqçilər heyəti ilə birgə qeyd etdik, hər şey çox səmimi idi. Belə anlar ömür boyu yadda qalır.

- “DH Volley”yə qarşı finalda ilk seti uduzdunuz, amma sonrakı üç setdə qalib gəldiniz. Psixoloji baxımdan geri dönüş nə qədər çətin oldu?

- İlk set həqiqətən çətin keçdi. Bir az həyəcanlı idik, gərginlik hiss olunurdu. Amma ondan sonra toparlandıq. Belə anlarda bir-birinə güvənmək çox vacibdir. Özümüzə dedik ki, “oyun hələ qarşıdadır”. Addım-addım matça qayıtmağa başladıq. Psixoloji baxımdan asan deyildi, amma məhz belə geri dönüşlər komandanı çempion edir.

- Demək olar ki, komanda çempionat boyu çempion xarakteri nümayiş etdirdi?

- Tamamilə doğrudur. Müxtəlif gərginlikdə oyunlarımız oldu. Bəziləri sonadək əsəblərin mübarizəsi idi. Amma nəsə plan üzrə getməyəndə belə təslim olmadıq. Düşünürəm ki, çempion komandanı fərqləndirən də budur – çətin anlarda çıxış yolu tapmaq bacarığı.

- “Turan”a transfer sizin üçün uğurlu oldu. Yəqin ki, bu keçidin doğru seçim olduğunu özünüzü daxildən təbrik etdiniz?

- Əlbəttə, belə fikirlər gəlir (gülümsəyir). Amma açığı, bu, bütün komandanın əməyidir. Düzgün mühitdə, düzgün insanların yanında olanda hər şey alınır. Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm.

- Artıq üç mövsümdür Azərbaycanda oynayırsınız. Özünüzü burada “öz evinizdə” kimi hiss edirsiniz?

- Bəli, tam olaraq. Bu müddətdə ölkəyə, insanlara, mədəniyyətə öyrəşmişəm. Burada çox səmimi münasibət var və bu, təkcə həyatda yox, meydanda da kömək edir. Özümü rahat hiss edirəm - bu isə hər bir idmançı üçün çox vacibdir.

- Gələcək planlarınız nədir? Klubda qalacaqsınız, yoxsa yeni çağırışlara hazırsınız?

- İndi bir az dincəlmək və bu anın dadını çıxarmaq istəyirəm. Mövsüm uzun və emosional keçdi. Gələcəyə gəlincə, müxtəlif variantlara açığam. Əgər burada qalıb yeni titullar uğrunda mübarizə aparmaq imkanı olsa, bu, çox yaxşı olar. Amma eyni zamanda yeni çağırışlara da hər zaman hazıram.

İdman.Biz
Məqalədə: