Bu gün GİN-in Voleybol Mərkəzində yarımfinal mərhələsi çərçivəsində “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb. Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.
Cütün ilk qarşılaşmasında “DH Volley” 3:0 hesabı ilə qalib gəldiyindən komandaların qələbələri bərabərləşib və Qızıl setə ehtiyac yaranıb. Həlledici hissədə “DH Volley” 15:12 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda mübarizə aparacaq.
Mükafatlar uğrunda keçiriləcək oyunlarda komandaların rəqibləri 13 apreldə “Turan” və “Gəncə” arasında baş tutacaq digər yarımfinal qarşılaşmasından sonra müəyyənləşəcək.
Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi üzrə iki görüşdən ibarətdir. İki oyunun nəticəsinə görə qələbələrin sayı bərabər olarsa, qalib Qızl set vasitəsilə müəyyən edilir.
11:00
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
Xatırladaq ki, tərəflər arasında keçirilən ilk matçda “DH Volley” 3:0 hesablı qələbə qazanmışdı.
Yarımfinalın digər cavab oyunu isə aprelin 13-də baş tutacaq. Həmin gün “Turan” və “Gəncə” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, yarışın reqlamentinə əsasən, yarımfinal mərhələsi iki oyundan – ev və səfər prinsipi ilə təşkil olunur. Əgər komandalar qələbə sayında bərabər olarsa, qalib “qızıl set” vasitəsilə müəyyənləşdiriləcək.
Bürünc və qızıl medallar uğrunda keçiriləcək final qarşılaşmaları isə bir oyundan ibarət olacaq.
