Azərbaycan voleybolunun ulduzu, yaxın keçmişdə dünyanın aparıcı voleybolçularından biri olmuş Natalya Məmmədova ana olub və hazırda oğul böyüdür.
Bu barədə eksklüziv olaraq İdman.Biz-ə ilk dəfə Natalya Məmmədova özü məlumat verib. Məlum olduğu kimi, o, şəxsi həyatının detallarını ictimailəşdirmir.
Karyerası ərzində bir çox tanınmış klublarda çıxış etmiş azərbaycanlı keçmiş voleybolçu bir neçə gün əvvəl Bakıya gəlib, qadın voleybolçuların Azərbaycan Yüksək Liqası çərçivəsində təşkil edilən oyunu izləyib. Natalya Məmmədova oyuna övladı ilə birlikdə qatılıb. Daha sonra bizim jurnalistlərlə söhbətində Məmmədova ana olduğunu təsdiqləyib.
“Mən hazırda analıq məzuniyyətindəyəm, oğlumu böyüdürəm. Voleybola 20 ilimi vermişəm və indi ailə ilə məşğul olmağın vaxtıdır. Yaxşı bir insan böyüdüb tərbiyə etmək istəyirəm. Hazırda iş və gələcək karyera barədə düşünməmişəm, çünki kiçik uşaqla məşğulam”, – deyə Məmmədova bildirib.
Fransada yaşayan keçmiş idmançı Bakıya səfərinin səbəbləri barədə də danışıb.
“Həm dincəlmək, həm də bəzi işlərimi görmək üçün gəlmişəm. Amma əsas məqsəd dostlarımı və yaxın insanlarımı görmək idi. Onlarla bizi voleybolla bağlı çoxlu xatirələr bağlayır. Bu, həyatımızın böyük bir hissəsidir”, - deyə Məmmədova qeyd edib.
O, həmçinin Azərbaycanın paytaxtında baş verən dəyişikliklər barədə təəssüratlarını bölüşüb.
“Sonuncu dəfə bir neçə il əvvəl olmuşdum. Şəhər dəyişib, genişlənir, abadlaşdırılır və inkişaf edir. Bakıya qayıtmaq mənim üçün həmişə xoşdur. Mənim gəncliyim burada keçib və burada özümü çox yaxşı hiss edirəm”, - deyə keçmiş voleybolçu vurğulayıb.
Azərbaycan voleybolunun hazırkı vəziyyətindən danışan N. Məmmədova bu idman növünün inkişafında rol oynayan insanların əhəmiyyətini qeyd edib.
“Mən oyuna baxmağa getmişdim, amma təəssüf ki, tam izləyə bilmədim, çünki oyun başlayan kimi getməli oldum. Ona görə oyun səviyyəsi barədə çox şey deyə bilmərəm. Mən sevinirəm ki, voleybol hələ də yaşayır və bu, Faiq Qarayev və onun həmkarlarının sayəsindədir. Onlar bu işə sadiq qalaraq Azərbaycan voleybolunu inkişaf etdirir və təbliğ edirlər”, - deyə Məmmədova əlavə edib.
