Fərid Qayıbov: “Nazirlik hansısa kluba birbaşa kömək edə bilməz”

Xəbərlər
27 Dekabr 2023 11:30
182
Fərid Qayıbov: “Nazirlik hansısa kluba birbaşa kömək edə bilməz”

“Faiq Qarayev Azərbaycanda seçilən məşqçilərdən biridir”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Faiq Qarayevin yenidən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirərkən deyib.

O, təcrübəli mütəxəssisin adını ölkə idman tarixinə yazdırdığını vurğulayıb: “Çox istərdik ki, onun yetirmələri də özü qədər olmasa da, idman sahəsində fəal çıxış etsinlər”.

Sponsorların voleybol klublarına cəlb edilməsi istiqamətində nazirlik tərəfindən müəyyən işlərin görüldüyünü bildirən nazir komandaların inkişafı üçün çalışdıqlarını da deyib: “Hər zaman voleybolumuzun inkişaf etməsini istəyirik. Heç kim istəməz ki, hansısa klubumuz bağlansın. Çünki burada əziyyət var. Bu, idmanımız üçün yaxşı hal deyil. Problemlərdən çox danışmaq olar. Amma nazirlik hansısa kluba birbaşa kömək edə bilməz. Necə ki, federasiyaların klublara verdiyi dəstək ilin əvvəlində açıqlanır, eləcə də, nazirlik tərəfindən federasiyaya göstərilən dəstək dəqiqləşir”.

Banuçiçək Hüseynli

İdman.biz