Millimizin kapitanı evə buraxılıb: “135 saat su içə bilmədim”

Müsahibə
19 Dekabr 2023 13:11
298
Millimizin kapitanı evə buraxılıb: “135 saat su içə bilmədim”

“Özümü çox yaxşı hiss edirəm. Həyat gözəldir”.

Bunu İdman.bizə Azərbaycan millisinin və “Xarı Bülbül Şuşa” klubunun voleybolçusu Tural Həsənli deyib.

İki dəfə əməliyyat olunan yığmanın kapitanı xəstəxanadan evə buraxılıb. Yığmanın kapitanın sözlərinə görə, müalicəsini ev şəraitində davam etdirir: “Dünəndən artıq yemək yeməyə başlamışam. Yenidən əməliyyat olunma riskim yoxdur. Hər şey yaxşıdır. Elə zaman oldu ki, 135 saat su içə bilmədim. Amma bütün pis günlər geridə qaldı”.

Hələlik meydana qayıtmağı düşünməyən Həsənli sağlamlığının onun üçün hər şeydən vacib olduğunu vurğulayıb: "Məni həyata qaytardığı üçün həkim Mahmud Mahmudova minnətdarlığımı bildirirəm. O, məni ölümün bir addımlığından qutardı”.

Qeyd edək ki, 33 yaşlı voleybolçu noyabrın 30-da ”Çağırış kuboku”da “Panatiniakos”la (Yunanıstan) matçdan sonra sağlamlığı ilə bağlı keçirdiyi narahatlığa görə çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb. Həsənli daxili qanaxma və bağırsaq partlaması səbəbi ilə əməliyyat olunub. O, dekabrın 9-da isə ikinci dəfə həkim müdaxiləsinə ehtiyac duyub. Turalda bu dəfə onikibarmaq bağırsağın başqa seqmentində arterial damarın şiddətli (profuz) qanadığı aşkarlanıb. Endoskopik prosedurla dayandırmayacaq qədər böyük damarın şiddətli qanaxmaya davam etdiyi və xəstənin klinik vəziyyətinin kritik olması səbəbindən dərhal əməliyyata alınaraq 3 saatlıq mürəkkəb əməliyyat nəticəsində qanaxma dayandırılıb.

Banuçiçək Hüseynli
İdman.biz