Famil Ağayev: “Heyətinə görə “Azərreyl” daha öndədir”

Müsahibə
11 Dekabr 2023 15:42
522
Famil Ağayev: “Heyətinə görə “Azərreyl” daha öndədir”

“Bu il çempionat ötən mövsümlərdən çox fərqlənir. Həm komandaların sayı çoxdur, həm də klublar arasında elə də fərq olmadığı üçün rəqabət güclüdür”.

Bunu İdman.biz saytına qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayev deyib.

Gənc mütəxəssis mövsümün maraqlı başladığını bildirib. Onun sözlərinə görə, federasiyada rəhbərliyin dəyişməsi voleybolda yeni canlanma yaradıb: “Ölkəmizdə voleybolun inkişafı istiqamətində bir çox işlər görülür. Ümid edirəm ki, növbəti illərdə komandaların sayında artım müşahidə edəcəyik. "Azərreyl"in heyətində olan oyunçular səviyyə baxımından güclüdürlər. Biz ilk matçda onlara qalib gəlsək də, yaxşı komanda formalaşdırıblar”.

Ağayev deyib ki, əsas hədəf "Azərreyl"lə rəqabətdə lazımı nəticə qazanmaqdır və çempionatda hələlik kimin fərqlənəcəyini demək tezdir: “İstərdik ki, legionerlərə deyil, yerli idmançılara daha çox üstünlük verək. "Abşeron"dan 4 oyunçu Azərbaycan millisinin heyətində yer alır. Yüksək Liqada hələlik ilk dövrə oynanılır. Bu səbəbdən də pley-offdan danışmaq belə tezdir. Lakin heyətinə görə “Azərreyl” daha öndədir”.

Keçirdiyi 4 oyunun hər birini qələbə ilə bitirən mütəxəssis birinci dövrədəki son oyunda “Murov Az Terminal”a qarşı da 3 xal üçün meydana çıxacağını vurğulayıb: “Rəqibimiz çox yaxşı komandadır. Heyətində güclü oyunçular yer alıb. Ancaq bu oyunda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandamız əhval-ruhiyyəsi yüksəkdir. Əsas məqsədimiz pley-offa adlamaq və "4-lüy"ə düşməkdir”.

Qeyd edək ki, “Abşeron” Yüksək Liqada xal itirməyən yeganə komandadır. Onlar 4 oyunun hər birini 3 xalla başa vurub və turnir cədvəlinə başçılıq edir.

Banuçiçək Hüseynli
İdman.biz