Rostislav Pevtsov “Ironman” yarışlarında özünü sınamağa davam edir.
İdman.Biz xəbər verir ki, üçqat Olimpiya iştirakçısının növbəti dayanacağı Avstriyanın Klaqenfurt şəhəri olub. Vaxtilə 10 il Azərbaycan bayrağı altında çıxış edən triatlonçu burada tam “dəmir məsafə” üzrə yarışda iştirak edib və yeddinci yeri tutub.
2024-cü ilin sonunda Azərbaycan millisindəki karyerasını başa vuran Rostislav Pevtsov üçün bu, Avstraliyanın Basselton şəhərindəki yarışdan sonra ikinci tamhəcmli “Ironman” startı olub. O, Avstriyadakı yarışın nəticələrini dəyərləndirərkən irəli addım atdığını, lakin oktyabrda Konada (Havay adaları) keçiriləcək dünya çempionatına qədər hələ uzun yol keçməli olduğunu bildirib.
Rostislav Klaqenfurtdakı çıxışının necə keçdiyini İdman.Biz-ə danışıb:
“Marafonun 25-ci kilometrinədək hər şey əla gedirdi. Üzgüçülük mərhələsini yaxşı keçdim, velosiped etapı plan üzrə alındı, marafona isə güclü və özüməinamlı hisslərlə başladım. İkinci və üçüncü yerlərdə gedən idmançılardan geri qalmağı azaldırdım və onlardan cəmi 25 saniyə geri idim. Amma sonra qıcolmalar başladı. Bir neçə dəfə dayanaraq əzələlərimi açmalı və sonra hərəkətə davam etməli oldum. Həmin anda podiumun artıq əlçatmaz olduğunu başa düşdüm, amma dördüncü yeri qorumaq üçün mübarizə aparırdım. Növbəti kilometrlər isə sadəcə qaçmağa davam edə bilmək uğrunda əsl mübarizəyə çevrildi”.

Triatlonçu əlavə edib ki, təxminən 35-ci kilometrdə imkanlarının həddinə çatıb:
“Qıcolmalar səngimirdi, nəfəs almaq çətinləşmişdi və hər addım ağrı ilə atılırdı. Bu, marafona həddindən artıq aqressiv başlamağın bədəli idi. Həyatımda ilk dəfə finişdən sonra tibbi yardıma ehtiyac duydum. Bu, gözlədiyim nəticə deyil, amma mənim üçün növbəti vacib dərs oldu. Komandama və tras boyunca məni dəstəkləyən bütün azarkeşlərə böyük təşəkkürümü bildirirəm. Onların enerjisi dayanmaq istədiyim anlarda belə irəli getməyimə kömək etdi”.
Pevtsov yaxın gələcək üçün məqsədlərindən də söz açıb:
“Hazırda əsas vəzifəm uzun məsafələrdə potensialımı maksimum reallaşdırmaq, dünya çempionatında və Ironman seriyalarında nəticə göstərməkdir. Mənim üçün yüksək səviyyədə rəqabətədavamlı qalmaq çox vacibdir”, – deyə Pevtsov fikrini yekunlaşdırıb.
