Triatlon dünyasının ən mühüm yarışlarından biri olan “Ironman 70.3” turnirinin ilk dəfə Bakıda keçirilməsinə iki ay qalır.
Artıq iştirakçılar üçün qeydiyyat açılıb. Sentyabrın 5-də baş tutacaq yarışla paralel olaraq çoxsaylı əlavə tədbirlərin də keçirilməsi planlaşdırılır.
İdman.Biz xəbər verir ki, Ironman seriyasının hər mərhələsində orta hesabla 1 200 idmançı iştirak edir. Bu rəqəmin Bakıda da təkrarlanacağı istisna deyil. Lakin gözlənilən iştirakçı sayı barədə daha dəqiq məlumatı sonrakı mərhələdə vermək mümkün olacaq. “Ironman 70.3” “dəmir məsafə”nin yarısını əhatə edən, ümumilikdə 113 kilometrlik yarışdır. Bu, təkcə Qafqazda deyil, bütövlükdə postsovet məkanında keçiriləcək ilk belə yarış olacaq və dünyanın müxtəlif ölkələrindən idmançıları bir araya gətirəcək. Yarış proqramına 1,9 km üzgüçülük, 90 km velomərhələ və 21,1 km qaçış daxildir.
Əsas yarışdan əlavə, təşkilatçılar daha bir neçə tədbir keçirməyi planlaşdırırlar. Bunların sırasında Ironkids uşaq yarışları, əyləncə proqramı və "Ironman Expo" sərgi zonası da var. Təşkilatçılar idman yarışını paytaxtın mədəni və turizm potensialının tanıdılması ilə birləşdirməyi hədəfləyirlər.
Yarış marşrutuna gəlincə, iştirakçılar üzgüçülük mərhələsini Bakı buxtasında keçirəcəklər ki, bu da triatlonçular üçün sakit su şəraiti yaradacaq. Velomərhələ həm şəhər, həm də şəhərətrafı ərazilərdən keçəcək, marşrutda sürət yığmağa imkan verən hissələr və orta çətinlikli yoxuşlar olacaq. Ironman 70.3 yarışının son – qaçış mərhələsi isə sahil bulvarında təşkil ediləcək. Hündürlük fərqinin minimum olması məsafənin nisbətən sürətli keçilməsinə şərait yaradacaq.
“Ironman 70.3” Baku yarışına qeydiyyat artıq açılıb. Yarış günü iştirakçıların ən azı 18 yaşı olmalıdır. “Ironman 70.3” təkcə idman yarışı deyil, həm də dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirəcək möhtəşəm mədəni tədbir olacağını vəd edir.
“Ironman 70.3” yarışından əsas gözlənti Azərbaycanda və ümumilikdə Qafqazda triatlonun keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Yarışın “Ironman” brendi altında keçirilməsi təşkilatçılıq, təhlükəsizlik və idman infrastrukturunda yüksək standartların təmin olunması deməkdir. Bu, yerli idmançılar üçün ölkəni tərk etmədən dünya səviyyəli yarışda iştirak etmək, xarici triatlonçular üçün isə yeni idman regionunu kəşf etmək imkanı yaradacaq.
“Ironman” brendinin rəhbərliyi vurğulayır ki, Bakının beynəlxalq yarış təqviminə daxil edilməsi seriyanın yeni regionlarda, xüsusilə postsovet məkanında və Avrasiya coğrafiyasında populyarlığının artırılması istiqamətində mühüm addımdır. Bu qərarın qəbul edilməsində paytaxtın “Formula-1”, UFC və digər nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsi, həmçinin sentyabr ayında yarışın keçirilməsi üçün əlverişli nəqliyyat və iqlim şəraitinə malik olması mühüm rol oynayıb. Buna görə də Bakıda keçiriləcək ilk Ironman 70.3 yarışı bütün mənalarda xüsusi olacaq.
