Triatlon hakimi Balaheydər Kərimovun ilk dəfə Dünya Kubokuna təyinat alması Azərbaycan triatlonunun beynəlxalq arenada inkişafının göstəricisidir.
O, Macarıstanın Tisauyvaroş şəhərində baş tutan yarışda iştirakı ilə bağlı fikirlərini bölüşüb.
“Triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı kimi tarixə düşmək mənim üçün böyük qürur və məsuliyyətdir. Bu, təkcə şəxsi uğurum deyil, eyni zamanda Azərbaycan triatlonunun beynəlxalq arenada inkişafının göstəricisidir. Dünya səviyyəli turnirdə hakim kimi fəaliyyət göstərmək mənə dəyərli təcrübə qazandırdı, müxtəlif ölkələrdən olan peşəkar hakimlərlə birlikdə işləmək isə bilik və bacarığımı daha da artırdı”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
O, növbəti planlarından bəhs edib:
“Qarşıdakı dövrdə də ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək və təcrübəmi daha da zənginləşdirmək üçün əlimdən gələni edəcəyəm. Bu il əsas hədəflərimdən biri İsveçrədə keçiriləcək triatlon üzrə universitetlərarası dünya çempionatında hakim kimi fəaliyyət göstərməkdir”.
Xatırladaq ki, Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı kimi tarixə düşüb.
