Madrid Open-də gərginlik: Emma Radukanu, Cokoviç və Alkaras turnirdən çəkildi

20 Aprel 2026 06:05
428
Madrid Open-də gərginlik: Emma Radukanu, Cokoviç və Alkaras turnirdən çəkildi

Britaniyanın bir nömrəli raketka ustası Emma Radukanu Madrid Open turnirindən çəkilib. 23 yaşlı tennisçi fevral ayından bəri əziyyət çəkdiyi viral xəstəliyin fəsadlarından hələ də tam bərpa oluna bilmədiyi üçün bu qərarı verib.

İdman.Biz “Sky Sports”a istinadla xəbər verir ki, Radukanu Mayami və Lints turnirlərindən sonra artıq ardıcıl üçüncü yarışda iştirak edə bilməyəcək. O, sonuncu dəfə altı həftə əvvəl İndian-Uellsdə Amanda Anisimovaya məğlub olduğu matçda kortda görünüb. Məlumata görə, Emma artıq məşqlərə başlasa da, hələ Madrid kimi yüksək səviyyəli turnirdə mübarizə aparmağa hazır deyil.

Madrid Open təşkilatçıları üçün yeganə itki Radukanu deyil. Ondan cəmi bir neçə saat əvvəl dünyanın iki nömrəsi Karlos Alkaras bilək zədəsi, üçqat Madrid çempionu Novak Cokoviç isə çiyin zədəsi səbəbindən turnirdən imtina edib.

Emma Radukanunun torpaq kort mövsümünə may ayının əvvəlində keçiriləcək İtaliya Open turnirində başlayacağı gözlənilir. Xatırladaq ki, o, ötən il İtaliyada uğurlu çıxış edərək dördüncü tura qədər irəliləmiş, orada Koko Qauffa məğlub olmuşdu. Cari mövsüm isə britaniyalı üçün çətin keçir; o, fevralda Klujda finala çıxsa da, sonradan xəstəlik və ardıcıl məşqçi dəyişiklikləri ilə üzləşib.

İdman.Biz