Argentinalı tennisçi Leonardo Aboyan danışılmış oyunlara görə altı il doqquz ay müddətinə diskvalifikasiya edilib.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Tennisdə Neqativ Hallarla Mübarizə (ITIA) orqanının bildirdiyinə görə, o, 40.000 dollar cərimə olunub.
“İdmançı ITIA tərəfindən irəli sürülən bütün ittihamları, o cümlədən kömək və təhrikçilik, yarışlarda saxtakarlığa əl atmaq, öhdəliklərini yerinə yetirmədiyinə görə ödəniş qəbul etmək və korrupsiya təklifləri barədə məlumat verməmək ittihamlarını etiraf edib. 2025-ci ilin aprel ayında karyerasında ən yüksək tək reytinqdə 229-cu yerə çatan Aboyan ITIA sanksiyasını qəbul edib və müstəqil antikorrupsiya nümayəndəsi qarşısında dinləmə hüququndan imtina edib”, - təşkilatın açıqlamasında deyilir.
27 yaşlı Aboyan tennis antikorrupsiya proqramının təxminən 30 bəndini pozduğunu etiraf edib. 2018-2025-ci illər arasında o, ITF turnirlərində və “Challenger” turnirlərində tək və cütlükdə səkkiz danışılmış görüş keçirib.
