“Koreya səfiri kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
13 Oktyabr 2023 19:04
264
“Koreya səfiri kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku”na start verilib.

İdman.biz saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunda təşkil edilən turnirin rəsmi açılış mərasimində çıxış edən ATF-in vitse-prezidenti Hikmət Səmədov yarışın ölkəmizdə ənənə halını aldığını və hər il yüksək səviyyədə təşkil olunduğunu deyib.

Səmədov ölkəmizin bu il bir sıra beynəlxalq turnirlərə ev sahibliyi etdiyini bildirib: "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondosunun 50 illiyinə təsadüf edən dünya çempionatını uğurla keçirdik. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olduğu ildə “Koreya səfiri kuboku” daha yüksək səviyyədə təşkil edilib və daha maraqlı keçir”.

Vitse-prezident yarışın Azərbaycan ilə Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıdığını vurğulayıb: "Ümid edirəm ki, burada mübarizə aparan taekvondoçular arasında sabahın Olimpiya, dünya və Avropa çempionları yetişəcək".

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq diqqəti turnirin ənənəvi olmasına çəkib. O bildirib ki, bu dəfəki yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bir ildə keçirildiyi üçün böyük əhəmiyyət kəsb edir: “Turnirin Paris-2024 Yay Olimpiya Oyunları öncəsi də keçirilməsinin də xüsusi əhəmiyyət kəsb etdiyini düşünürəm. Həmçinin, bu kubokun təşkili sayəsində Azərbaycan gəncləri taekvondoya böyük maraq göstərəcək və gələcəkdə Olimpiadada da uğurlu nəticə göstərmələrinə töhfə verəcəyinə ümid edirəm”.

Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdir müavini Nicat Həsənov “Koreya səfiri kuboku”nda hər bir iştirakçıya uğurlar arzulayıb və yarışın ənənəvi olmasını əhəmiyyətindən danışıb.

Yarışda 2007-2009-cü illər təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq, qızlar isə 44 kq, 49 kq, 55 kq, 63 kq və +63 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Qaliblər ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İdman.biz