Taekvondo üzrə ənənəvi “Koreya Səfiri Kuboku” keçirilib - FOTO

25 Sentyabr 2026 22:29
94
Taekvondo üzrə ənənəvi “Koreya Səfiri Kuboku” keçirilib

Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə ənənəvi “Koreya Səfiri Kuboku” keçirilib.

İdman.Biz xəbər verir ki, turnirdə 48 klubu təmsil edən 164 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb. Gənc oğlanlar -48 kq, -55 kq, -63 kq, -73 kq və +73 kq, qızlar isə -44 kq, -49 kq, -55 kq, -63 kq və +63 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

Tədbirdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev, ATF-in Baş katibi Aygül Abdullayeva iştirak ediblər.

Çıxışlarda Azərbaycanda idmanın inkişafı, taekvondonun dünyada artan populyarlığı və Azərbaycan idmançılarının bu idman növündə qazandığı nailiyyətlər barədə fikirlər səsləndirilib.

Yarış çərçivəsində iştirakçılar üçün maraqlı lotereya da təşkil olunub. Lotereyanın qalibləri Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Yarışın qalib və mükafatçıları Azərbaycan Taekvondo Federasiyası və Koreya Respublikasının səfirliyi tərəfindən təsis olunan kubok, diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Ümumi komanda hesabında “Fateh” İK birinci, “Əli-Mehdi TK” ikinci, FHN İSK isə üçüncü yerə layiq görülüb. İlk üçlükdə qərarlaşan komandalar kubokla təltif olunublar.

İdman.Biz