Bolqarıstanda taekvondo federasiyasının prezidenti güllələnərək öldürülüb

25 Oktyabr 2026 09:18
123
Bolqarıstanda taekvondo federasiyasının prezidenti güllələnərək öldürülüb

Bolqarıstanın paytaxtı Sofiyada ölkənin Taekvondo Federasiyasının prezidenti, Avropa Taekvondo Birliyinin birinci vitse-prezidenti, 60 yaşlı Slavi Binev güllələnərək öldürülüb.

İdman.Biz xəbər verir ki, hadisə oktyabrın 24-də paytaxtın Pavlovo rayonunda, idman rəsmisinin yaşadığı evdə baş verib.

Bolqarıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Binev başından aldığı güllə yarası nəticəsində həyatını itirib. Hadisə yerindən boş giliz tapılıb.

Qətldən sonra polis Sofiya yaxınlığındakı Trakiya avtomagistralında üç şübhəlini saxlayıb. Onlardan ikisi Türkiyə vətəndaşıdır, üçüncüsünün isə Bolqarıstan şəxsiyyət vəsiqəsi var. Saxlanılan şəxslərin üzərindən odlu silahlar aşkar edilib.

İlkin ehtimallara görə, qətlin səbəbi tərəflər arasında yaranan maliyyə mübahisəsi ola bilər. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Slavi Binev Bolqarıstanın tanınmış idman və siyasi xadimlərindən biri olub. O, 1992-ci ildə taekvondo üzrə Avropa çempionu adını qazanıb. Daha sonra Bolqarıstan Taekvondo Federasiyasına rəhbərlik edib, Avropa Taekvondo Birliyinin birinci vitse-prezidenti və Dünya Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

Binev həmçinin Bolqarıstan parlamentinin və Avropa Parlamentinin deputatı olub.

İdman.Biz