Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvü Qaşım Maqomedov (63 kq) hər yarışa qızıl medal qazanmaq üçün çıxır.
O, Serbiyanın Belqrad şəhərində keçirilən “Serbia Open 2026” beynəlxalq turnirində qızıl medala sahib çıxması barədə danışıb.
“Yarışla bağlı təəssüratlarım olduqca xoş və müsbətdir. Çünki evə əliboş qayıtmadım, əksinə, ən yüksək əyarlı medal qazandım. Təbii ki, bu, çox sevindiricidir. Müəyyən mənada belə nəticə gözləyirdim. Mən yarışa qızıl medal qazanmaq üçün getmişdim. Ümumiyyətlə, hər zaman yarışlara bu məqsədlə qatılıram. Həmişə qızıl medal qazanmaq üçün mübarizə aparıram. Bunun üçün məşq edir, çox çalışır və məşqlərə maksimum vaxt ayırıram. Özümü hər zaman ən yüksək nəticə üçün kökləyirəm”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Olimpiya mükafatçısı qazandığı medalların sayını xatırlamadığını söyləyib:
“Açığı, qazandığım medalların sayını, onların neçəsinin qızıl, gümüş və ya bürünc olduğunu heç vaxt hesablamıram. Mən yarışlara sanki bayrama gedirmiş kimi qatılıram. Yarış prosesinin özündən, mübarizə ruhundan zövq alıram. Buna görə də belə yarışlara qatıldığım üçün sevinirəm”.
Q. Maqomedov əldə etdikləri nəticələrə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edib:
“Hər zaman federasiyanın dəstəyini hiss edirik. Onların dəstəyi sayəsində yarışlara yüksək əhval-ruhiyyə ilə qatılıram”.
Qeyd edək ki, Azərbaycan taekvondoçularından Qaşım Maqomedovla yanaşı Minayə Əkbərova (46 kq) bürünc medala sahib çıxıb.
