Taekvondo üzrə ilk dəfə keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi olub - FOTO - VİDEO

Xəbərlər
5 Aprel 2024 17:02
Taekvondo üzrə ilk dəfə keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi olub - FOTO - VİDEO

İlk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunub.

Mərasimdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Li İn-Yonq iştirak edib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışda iştirak komandalar təqdim olunub.

Mərasimi giriş sözü ilə açan Dünya Taekvondosunun prezidenti Çunqvon Çu yarış iştirakçılarına uğurlar arzulayıb: “Təşkilatçılığa görə Azərbaycana təşəkkürlərimi bildirirəm. Bunu Əla bacarmısız. Taekvondo bütün dünyada geniş yayılmış idman növlərindən biridir. Dünya Taekvondosu bu idman növünün xüsusi ilə uşaqlar və gənclər arasında yayılmasına təkan verərək, bu istiqamətdə bir çox işlər görür. Gələn ilin fevral ayında Dünya Taekvondo çempionatı keçiriləcək. Bu yarışda qalib olanlar gələn il həmin çempionatda iştirak etmək hüququ qazanacaqlar”.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır: “Ölkəmizdə idmana və idmanın inkişafına xüsusi önəm verilir. Həmçinin Azərbaycanda taekvondo idman növü də xüsusi olaraq inkişaf edir. İlk dəfə keçirilən kiçikyaşlılar arasında Azərbaycan çempionatı onu deməyə əsas verir ki, artıq taekvondo uşaqlar arasında da sevilən idman növüdür. Ümid edirəm ki, bu gün burada iştirak edən idmançılarımız gələcəkdə böyük arenalarda mübarizə aparacaqlar”.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq yarışın Azərbaycanda ilk dəfə keçirilməsini müsbət amil kimi qarşılayıb. O qeyd edib ki, bu, ölkədə taekvondonun inkişafına öz töhfəsini verəcək.

Rəsmi çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. Daha sonra turnir açıq elan edilib.

Qeyd edək ki, Azərbaycan birinciliyinə 20 çəki dərəcəsində 446 taekvondoçu qatılıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: