Azərbaycanda taekvondo, digər olimpiya idman növləri kimi, hazırda mühüm inkişaf mərhələsindən keçir. Azərbaycan idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına fəal şəkildə hazırlaşır və beynəlxalq turnirlərdə olimpiya lisenziyaları üçün zəruri olan reytinq xalları uğrunda mübarizə aparırlar.
Dördilliyin ən mötəbər yarışına vəsiqə uğrunda mübarizə, Azərbaycan Taekvondo Federasiyasının məqsədləri və digər mövzular barədə İdman.Biz təşkilatın baş katibi, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva ilə həmsöhbət olub.
– Azərbaycan taekvondoçularının beynəlxalq arenadakı çıxışlarının dinamikasını necə qiymətləndirirsiniz?
– Son illərdə Azərbaycan taekvondosu beynəlxalq arenada rəqabət qabiliyyətini qoruyub saxlayır. Bunu müxtəlif səviyyəli turnirlərdə əldə olunan nəticələr də təsdiqləyir. Xüsusilə sevindirici haldır ki, idmançılarımız təkcə medallar uğrunda deyil, həm də dünya reytinqində mövqelərini yaxşılaşdırmaq üçün davamlı mübarizə aparırlar.
Son yarışlardan – Avropa çempionatı və Romada keçirilən Qran-pridən danışsaq, komandamızın çıxışını müsbət qiymətləndirirəm. Bunlar ən yüksək səviyyəli turnirlərdir. Əlbəttə, biz hər zaman daha yüksək nəticələr gözləyirik. Lakin idman gözlənilməzdir. İdmançılarımızın hər biri xarakter nümayiş etdirdi, böyük fədakarlıqla mübarizə apardı və son ana qədər medal uğrunda döyüşdü. Yekun nəticəyə həmişə püşkatma, fiziki və psixoloji hazırlıq, eləcə də digər amillər təsir göstərir. Əsas odur ki, milli komandamız inkişaf etməyə davam edir və hər yarış bizi yeni uğurlara yaxınlaşdıran dəyərli təcrübəyə çevrilir.
– İlin ikinci yarısında federasiya qarşısında duran əsas məqsədlər hansılardır?
– Federasiyanın əsas fəaliyyət istiqamətlərinə hakim və məşqçilərin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, gənc hakimlərin hazırlanması, aşağı yaş qruplarında perspektivli idmançılarla işin davam etdirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxildir.
Lakin əsas prioritet beynəlxalq turnirlərdə uğurlu çıxış etmək, yarış təcrübəsini artırmaq, dünya reytinqində mövqeləri yaxşılaşdırmaq və Los-Anceles Olimpiadasına lisenziya uğrunda mübarizədə mümkün olan ən yüksək nəticələri əldə etməkdir. Olimpiya təsnifatı üçün reytinq xallarının toplanması mərhələsi davam edir. Buna görə də hər beynəlxalq turnir və Qran-pri seriyasının hər mərhələsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Federasiya əsas diqqətini olimpiya təsnifatına planlı hazırlığa yönəldib.
– Artıq olimpiya lisenziyaları və medallar uğrunda mübarizə aparacaq əsas heyətin formalaşdığını demək olarmı?
– Federasiya daxilində perspektivli idmançılardan ibarət müəyyən qrup artıq müəyyənləşdirilib və onların hazırlığı təsdiqlənmiş proqram əsasında aparılır. Bununla belə, hazırkı mərhələdə konkret adlar çəkməyi düzgün hesab etmirəm. Qarşıda hələ çox sayda reytinq turniri var. Yekun qiymətləndirmə idmançıların sabit çıxışlarına, topladıqları reytinq xallarına və hazırlıq səviyyələrinə əsasən aparılacaq. Əsas məqsədimiz odur ki, Olimpiya Oyunlarında Azərbaycanı ən hazırlıqlı idmançılar təmsil etsin.
– Siz həm də beynəlxalq hakim kimi fəaliyyət göstərirsiniz. Ən mötəbər yarışlarda işlədiyiniz illər ərzində yaddaşınızda ən çox nə qalıb?
– Beynəlxalq hakim kimi fəaliyyətim dövründə dünya və Avropa çempionatlarında, Qran-pri seriyasının mərhələlərində və digər nüfuzlu beynəlxalq yarışlarda çoxsaylı döyüşləri idarə etmişəm. Şübhəsiz ki, ən yaddaqalan qarşılaşmalar dünya çempionatlarının yarımfinal və final döyüşləri olub. Bu mərhələlərdə hakimin məsuliyyəti xüsusilə böyük olur. Qran-pri seriyasının həlledici görüşləri, xüsusilə kişilər arasında ağır çəki dərəcəsində keçirilən qarşılaşmalar da unudulmaz təəssürat yaradır. Onlar yüksək temp, gərgin mübarizə və son həddə qədər davam edən rəqabəti ilə seçilir.
– Bu yaxınlarda Avropa Taekvondo İttifaqının (ETU) Hakimlər Komitəsinin üzvü təyin olundunuz. Bu təyinat Azərbaycan taekvondosu üçün nə ifadə edir?
– İlk növbədə bu təyinatı Azərbaycan taekvondosuna və ölkəmizin hakimlik məktəbinə göstərilən etimad kimi qiymətləndirirəm. Mənim üçün bu, böyük məsuliyyət olmaqla yanaşı, federasiyamızın uzun illər ərzində hakim korpusunun inkişafı istiqamətində gördüyü işlərə verilən qiymətdir.
ETU-nun Hakimlər Komitəsinin əsas vəzifəsi beynəlxalq hakimlik standartlarının təkmilləşdirilməsi, qaydaların vahid şəkildə tətbiq olunması və hakimlərin peşəkar inkişafına dəstək verməkdir. Müasir taekvondoda elektron xal sistemi, videobaxış və vahid beynəlxalq qaydalar tətbiq olunur ki, bu da yarışların maksimum obyektiv keçirilməsini təmin edir. Buna görə də komitədə təmsil olunmaq hər hansı ölkəyə üstünlük qazandırmaq məqsədi daşımır. Belə yanaşma beynəlxalq idmanın prinsiplərinə zidd olardı.
Bununla yanaşı, Azərbaycanın belə nüfuzlu qurumda təmsil olunması ölkəmizin idman nüfuzunun daha da möhkəmlənməsinə, hakimlərimizin beynəlxalq təcrübəsinin artmasına və gələcəkdə daha çox azərbaycanlı mütəxəssisin beynəlxalq idman təşkilatlarında təmsil olunmasına əlavə imkanlar yaradacaq.
– Sizcə, qazandığınız uğurlar, o cümlədən bu təyinat gənc qızlar üçün nümunə ola və onların taekvondoya, ümumilikdə idmana marağını artıra bilərmi?
– Mən əminəm ki, beynəlxalq səviyyədə əldə olunan hər bir uğur gənclər üçün motivasiya mənbəyinə çevrilir. Qadınların beynəlxalq idmanda təkcə idmançı kimi deyil, həm də hakim, məşqçi və idman funksioneri kimi təmsil olunması çox vacibdir. Bu, idmanın gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Əgər mənim bu təyinatım gənc qızlara öz güclərinə inanmağa kömək edərsə və onları beynəlxalq idman strukturlarında çalışmağa həvəsləndirərsə, bunu çox müsbət nəticə hesab edərəm. Əminəm ki, gələcəkdə ölkəmizi beynəlxalq arenada təmsil edən qadın mütəxəssislərin sayı daha da artacaq.
