Niyaməddin Paşayev: “Daha 2 taekvondoçumuzun lisenziya əldə etmək şansı var” - MÜSAHİBƏ

Müsahibə
19 Dekabr 2023 17:31
576
Niyaməddin Paşayev: “Daha 2 taekvondoçumuzun lisenziya əldə etmək şansı var” - MÜSAHİBƏ

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezident Niyaməddin Paşayevin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Sizcə daha neçə vəsiqə qazana bilərik?

- Bu, say maksimum 4-dür. Düşünürəm ki, daha 1 qadın, 1 kişi taekvondoçumuzun da lisenziya əldə etmək şansı var. Lakin bunu hansı idmançımızın bacaracağı dəqiq deyə bilmərik.

- Dekabrın sonunda Azərbaycan çempionatı keçiriləcək. Bu yarış lisenziya turnirlərinə aparılacaq heyətə təsir edə bilərmi? Yaxud çempionatda yeni istedadların üzə çıxa mümkündür?

- Bir neçə gün öncə federasiya rəhbərliyi və məşqçilərlə bir araya gələrək bir sıra müzakirələr etdik. Yeni gənc idmançıların komandaya cəlb olunması, onların böyüklərin məşqinə qoşulması, eyni zamanda təlim-məşq toplanışlarında iştirakları ilə bağlı müəyyən addımlar atılır. İnanıram ki, bu çempionatda da üzə çıxan və istedadlı gənc idmançılarımız olacaq.

- 2023-cu il artıq tarixin yaddaşına qovuşur. İli necə dəyərləndirərdiz?

- Bu il dünya çempionatına ev sahibliyi etdik. Təəssüflər olsun ki, medal qazanmadıq. Yeniyetmə və gənc taekvondoçularımız isə il ərzində iştirak etdikləri yarışlarda öz uğurları ilə bunun əvəzini çıxdılar. Çinin Usi şəhərində keçirilən "Böyük Dəbilqə"nin təsnifat və Çempionlar seriyaları ilin sonuncu beyunəlxalq yarışı idi. Burada da idmançımız Qaşım Maqomedov (58 kq) uğurlu çıxış edərək, qızıl medal qazandı. Həmçinin, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib oldu.

- Yeni ildə ölkəmizdə hansısa mötəbər yarışın keçirilməsi mümkündür?

- 2024-cü ildə takevondo üzrə ölkəmizdə hər hansısa beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulmayıb. Hələlik belə bir planımız yoxdur. Ancaq ölkəmizdə yeni ildən etibarən davamlı olaraq "G1" kateqoriyalı beynəlxalq turnirlərin keçirilməsi gözlənilir.

- Gələn ilin martında lisenziya yarışlarında iştirak edəcək taekvondoçulardan adları bəlli olan var?

- Turnirə 3 idmançı ilə yollanacağıq. Lakin yarışa hansı idmançılarımızın yollanacağı fevralın son həftəsində dəqiqləşəcək.

Banuçiçək Hüseynli
İdman.biz