“Avstraliyaya köçəndən sonra özümü yenidən axtarmağa başladım” – Emil Cəbrayılovun İDMAN.BİZ-ə AÇIQLAMASI

7 İyul 2026 11:29
89
“Avstraliyaya köçəndən sonra özümü yenidən axtarmağa başladım” – Emil Cəbrayılovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Suya tullanma üzrə ikiqat olimpiya oyunları iştirakçısı Emil Cəbrayılov son 17 ildə Avstraliyanın Pert şəhərində yaşayır.

Azərbaycan idmanının veteranı bir neçə gün əvvəl Melburnda olub və burada İdman.Biz-in əməkdaşı ilə söhbətə vaxt ayırıb.

Cəbrayılov Azərbaycanı iki Olimpiadada - Atlanta-1996 və 2000-ci il Sidney Olimpiadasında təmsil edib. O, 1996-2001-ci illərdə dünya çempionatlarında və Yaponiya, Avstraliya, Meksika, Rusiya, Böyük Britaniya və İspaniyada keçirilən Dünya Kuboku mərhələlərində çıxış edib.

İdman karyerasını başa vurduqdan sonra Avstraliyaya köçən sabiq idmançı idmandan uzaq düşmədiyini bildirib:

“Pertdə məskunlaşdıqdan bir müddət sonra yenidən suya tullanma ilə məşğul olmağa başladım. Hətta “Masters” kateqoriyasında Qərbi Avstraliya çempionatlarında da iştirak etdim. Yadımdadır, yenidən 10 metrlik qülləyə çıxdım və Olimpiadada yerinə yetirdiyim bəzi tullanışları təkrarladım. O vaxt artıq 40 yaşa yaxın idim, amma fiziki formam yaxşı idi”.

Sonradan hakimlik dərəcəsi alan Cəbrayılov Qərbi Avstraliyada keçirilən yarışlarda hakim kimi fəaliyyət göstərməyə başlayıb.

“Məni tez-tez dəvət edirdilər, demək olar ki, bütün yerli turnirlərdə işləyirdim. Hətta yenidən böyüklər arasında dünya çempionatında iştirak etmək fikri də yaranmışdı. Təəssüf ki, zədə aldım. Suya tullanmadan əlavə voleybol və futbol da oynayırdım, çox aktiv həyat tərzi keçirirdim. Bir gün futbol oynayarkən zədələndim və onda başa düşdüm ki, bir qədər tempi azaltmaq lazımdır. Yaş da artıq öz sözünü deməyə başlamışdı”, – deyə olimpiyaçı bildirib.

Hazırda Cəbrayılov dəmir filizi hasilatı ilə məşğul olan mədən şirkətində çalışır.

“Avstraliyaya köçəndən sonra özümü yenidən axtarmağa başladım. Logistika üzrə diplom aldım. Daha sonra müxtəlif şirkətlərə iş üçün müraciət etdim və o vaxt “Roheale” adlanan, hazırda isə “Hancock Iron Ore” kimi fəaliyyət göstərən şirkətdən təklif aldım. Artıq səkkiz ildir burada çalışıram və Avstraliyadakı karyeramdan çox razıyam.

Əlbəttə, peşəkar idmançılar üçün karyeranı başa vurduqdan sonra özlərini tapmaq bəzən çətin olur. Amma mən buna nail oldum. İnkişaf etmək və belə mühüm sənayenin bir hissəsi olmaq imkanı qazandığıma görə minnətdaram", – deyə ikiqat olimpiya iştirakçısı etiraf edib.

O, Avstraliyada idmanın inkişaf xüsusiyyətlərindən də danışıb:

“Burada uşaq idmanı əsasən valideynlərin dəstəyi hesabına inkişaf edir. Uşaq müəyyən səviyyəyə çatana qədər bütün xərcləri valideynlər qarşılayırlar. Bundan sonra dövlət və ya korporativ sponsorluğa ümid etmək mümkündür. Bəzən təəccüblənirsən ki, burada belə böyük idman uğurlarına necə nail olurlar. Amma eyni zamanda Avstraliyada dünya səviyyəli idmançı yetişdirmək üçün bütün şərait yaradılıb”.

Cəbrayılov sonuncu dəfə pandemiyadan əvvəl Bakıda olduğunu da bildirib. O, gələcəkdə yenidən vətənə səfər etməyi planlaşdırdığını qeyd edib.

İdman.Biz