Avqustun 14-də Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında 4-cü yeri tutan Azərbaycan millisi Vətənə qayıdıb.
İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında yarışı 62 medalla başa vurub. İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub.
III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.
İdman.biz