“Kadillak”ın pilotu Serxio Peres “Formula-1” üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsinin yekunlarına əsasən cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, meksikalı pilot “Maklaren”dən Oskar Piastriyə maneçilik törətdiyinə görə əsas yarışın startında üç mövqe itirəcək.
Hadisə 19-cu və 20-ci döngələr arasında Peres hazırlıq dövrəsində, Piastri isə sürətli dövrədə olarkən baş verib. Meksikalı pilot rəqibinin yaxınlaşması barədə radiodan iki dəfə xəbərdar edilib.
Həmin vaxt Piastri təxminən 300 km/saat, Peres isə 248 km/saat sürətlə hərəkət edib. Yarış direktorunun təlimatlarına əsasən, hazırlıq dövrəsində olan pilotlar trasın bu hissəsində sağ tərəfdə qalmalı idilər. Lakin Peres təkərlərini qızdırarkən Piastrinin trayektoriyasına doğru yerini dəyişib və nəticədə avstraliyalı sürücü sürətini azaltmalı olub.
Stüardlar epizodu araşdırdıqdan sonra Peresin hərəkətlərinin təhlükəli vəziyyət yaratmadığı qənaətinə gəliblər. Bununla belə, meksikalı pilotun zərurət olmadan Piastriyə mane olduğu müəyyənləşdirilib. Bu səbəbdən ona startda üç mövqe itirmək cəzası verilib.
Piastri də sürətini azaltmağa məcbur olduğunu təsdiqləyib, lakin hadisə nəticəsində əhəmiyyətli vaxt itirmədiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
