Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, "Baku Crystal Hall"da təşkil olunan açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin bayraqları nümayiş olunub.
Ardınca Azərbaycan mədəniyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.
Sonra Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) bayrağı səhnəyə gətirilib və federasiyanın himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi zamanı bu il ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu xatırladıb: "Bu münasibətlə federasiyalarımız tərəfindən müxtəlif irimiqyaslı tədbirlər, yarışlar keçirilir. Açılışını etdiyimiz və Azərbaycanda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatının məhz Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz ildə heç də təsadüfi deyil. Ümummilli Lider daim idmana xüsusi diqqət ayırıb və idmançılara dəstəyini əsirgəməyib".
"Azərbaycan irimiqyaslı tədbirləri, yarışları keçirməkdə böyük təcrübəyə malikdir. Bütün bu tədbirləri keçirmək dövlətin dəstəyi olmadan mümkün deyil. Azərbaycanda idman dövlət siyasətidir. Bu dövlət siyasəti ölkə başçısı Prezident İlham Əliyev tərəfindən müəyyən olunub. Onun verdiyi tapşırıqlar, müxtəlif dövlət qurumlarının, federasiyaların birgə işi nəticəsində Azərbaycan idman sahəsində yüksək nəticələr əldə etməkdədir. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına Azərbaycana inandıqları üçün və yarışı bizə həvalə etdikləri üçün və yarışın təşkilində əməyi keçən hər kəsə ölkəmiz adından dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün idmançılara uğur arzu edirəm", - deyə o əlavə edib.
Açılış mərasimində çıxış edən ISSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb: "Bu gün 2023-cü il BİAF dünya çempionatının açılış mərasimi münasibətilə dünya idman atıcılığı üzrə bütün idmançıları təbrik edirəm. Bu axşam möhtəşəm Kristal zalında dünya atıcılıq çempionatının açılış mərasimini qeyd edirik. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və idmana olan sadiqliyi nəticəsində Azərbaycanda keçirilən Avropa Oyunlarından sonra Bakı bir sıra dünya səviyyəli yarışlara ev sahibliyi edir. Həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da öz minnətdarlığımızı bildiririk ki, Azərbaycanda müxtəlif idman növlərinin inkişafına böyük töhfə verir. Parisdə keçiriləcək Olimpiya oyunlarına cəmi bir il qalıb. Bu dünya çempionatı nəticəsində 2024 Paris Yay Olimpiya Oyunlarına gedəcək idmançılar müəyyən olunacaq".
Bundan sonra idmançılar məşqçilər və hakimlərin andiçmə mərasimi baş tutub.
Bununla da, açılış mərasiminin rəsmi hissəsi başa çatıb və bədii hissəyə keçib.
Qeyd edək ki, sentyabrın 1-dək davam edəcək Dünya Çempionatında 101 ölkədən 1239 idmançı iştirak edəcək. Azərbaycan yarışda 31 idmançı ilə təmsil olunacaq.
İdman.biz