Meftahətdinova Paris-2024-ün bir addımlığında qalıb

Xəbərlər
29 Aprel 2024 15:11
349
Meftahətdinova Paris-2024-ün bir addımlığında qalıb

Atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri başa çatıb.

İdman.biz xəbər verir ki, Qətərin paytaxtı Dohadakı yarışın son günü skit növündə qaliblər müəyyənləşib.

Azərbaycan millisinin snayperləri də yarışda iştirak ediblər. Qadınların mübarizəsində final mərhələsinə yüksələn Reqina Meftahətdinova Paris-2024-ün bir addımlığında qalıb.

O, 25 xalla turniri 5-ci yerdə tamamlayıb. Reqlamentə əsasən, əvvəlki yarışlarda lisenziya qazanmayanlar arasında ən yaxşı iki idmançı Olimpiadada iştirak hüququ qazanıb. Nəticədə 2-ci və 4-cü yerin sahibləri hindistanlı Maheşvari Çauhan və isveçli Viktoriya Larsson lisenziya sahibi olublar. 1-ci olan çilili Fransiska Krovetto Çadid bu vəsiqəni öncə əldə edib, 3-cü yeri tutan çinli Yitinq Jianqın ölkəsi isə iki vəsiqə qazanıb.

Yığmamızın digər üzvləri təsnifat səddini adlaya bilməyiblər. Reqinanın 120 xal topladığı mərhələdə Nurlana Cəfərova 118 xalla 15-ci, Sevda Mustafayeva 101 xalla 69-cu olub.

Kişi skitçilərimizdən heç biri final raunduna adlamayıb. Niyaz Ağazadə 116 xalla 74-cü, Fuad Qurbanov 113 xalla 92-ci, Cavid Həsənov 105 xalla 128-ci yeri tutub.

Qeyd edək ki, öncə başa çatan səngər stendi (trap) üzrə yarışda yığmamızı təmsil edən Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev təsnifat mərhələsini keçə bilməyiblər.

İdman.biz