Beynəlxalq Atıcılıq bu Federasiyasının baş katibi Villi Qrill qeyd etdi ki, dünya çempionatı bundan öncə heç bir ölkədə belə yüksək səviyyədə təşkil olunmayıb, Azərbaycan bu yarışın necə keçirilməli olduğunu bütün dünyaya göstərdi.
İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda keçirilmiş dünya çempionatı barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, atıcılıq Olimpiya idman növüdür və buradakı yarışlar da digər turnirlər kimi maraqlı keçirilməlidir: "Həqiqətən yarış çox yüksək səviyyədə təşkil olundu. Üç medal qazandıq. Axırıncı dəfə atıcılıq idman növündə 2001-ci il dünya çempionu olduğumuzu nəzər alsaq, bu, 22 il sonra ilk qızıl medalımızdır. Onu da qeyd etmək lazımdır ki, indiyədək mundiallarda heç vaxt 3 medal əldə etməmişdik. Ən çox 2 mükafatla kifayətlənmişdik. Bundan əlavə, bu il Koreyada gənclər arasında baş tutan dünya çempionatında da 2 medala layiq görüldük. İl ərzində 5 medal qazanmağımız komandamızın irəliləyiş göstərməsinin böyük nümunəsidir".
Baş katib vurğulayıb ki, güclü idmançılarımız çoxdur və onlar olduqca yaxşı nəticələr əldə ediblər: "Atıcılığın digər növlərində də uğur qazana bilərdik. Ancaq aydın məsələdir ki, bu, psixoloji idman növüdür. Tam olmasa da, nəticədən razıyıq".
Ağa Dadaşzadə
İdman.biz