Azərbaycanın güllə atıcılığı üzrə yığması Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında ilk medallarını qazanıb. Azərbaycan idmançıları gümüş və bürünc mükafatlara sahib olublar. Hər iki uğurda Zeynəb Sultanovanın payı var: o, Ruslan Lunevlə duetdə gümüş medal qazanıb, Nigar Nəsirova və Xana Əliyeva ilə birlikdə isə Avropa çempionatının bürünc mükafatçısı olub.
İdman.Biz-lə söhbətində Zeynəb Sultanova Avropa çempionatındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
- İki medal qazandıqdan sonra nə hiss keçirdiniz?
- Məndə sonsuz dərəcədə çox emosiya, fikir və söz var. Çünki bu yarışlarda mən birdən-birə iki növdə medal qazandım və idman ustası normativini yerinə yetirdim. Bu, mənim arzum, son iki ildə getdiyim hədəf idi.
Qarışıq komandada Ruslan Lunevlə birlikdə beynəlxalq turnirdə ilk dəfə medal qazandıq. Həmçinin bu, mənim 25 metr məsafədə “duet” növündə ilk startım idi. Çexiya komandasına qarşı çox gərgin final oldu. Bu, bizim üçün gözəl təcrübə idi. Mən öyrənməyə və inkişaf etməyə davam edirəm. Bu Avropa çempionatında çoxlu “ilk” yaşadım, buna görə də bu medallar həmişə qəlbimdə xüsusi yer tutacaq.

- Avropa çempionatına yollanarkən belə nəticə gözləyirdiniz?
- Mən heç vaxt qarşıma müəyyən sayda xal toplamaq vəzifəsi qoymuram. Mənim həmişə yalnız bir məqsədim olur: Bakıda məşqlərdə maksimum gücümü ortaya qoymaq, səylə çalışmaq, turnir günü gələndə isə bütün potensialımı, bütün gücümü, cəsarətimi və iradəmi göstərmək. Mənim üçün düzgün texnikanı, psixoloji dayanıqlığı və emosional balansı qorumaq çox vacibdir. Bu, mənim əsas uğurumdur. Mən mübarizə aparmağı sevirəm. Yarışlarda isə yeganə rəqibimi - özümü dünənkindən daha yaxşı olmağa vadar edirəm.
- Fərdi yarışlardakı çıxışınızı necə qiymətləndirirsiniz?
- Bu turnirdə şəxsi rekordumu yenilədim. 25 metr məsafədə ilk startımda finala çıxmaq üçün mənə cəmi üç xal çatmadı. Bununla belə, texnikamdan razı qaldım. Mənim hələ inkişaf edəcəyim yer var. Potensialımı maksimum açmaq üçün daha çox işləmək, məşq etmək lazımdır, dəstək, vaxt, beynəlxalq yarışlar və təlim-məşq toplanışları lazımdır.

- Növbəti hədəfiniz nədir?
- Avqustda Polşada 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçiriləcək, mən də orada iştirak edəcəyəm. Üç növdə - 10, 25 və 50 metr məsafələrə atəşdə çıxış edəcəyəm. Mənə hər istiqamətdə inkişaf etmək maraqlıdır, bundan zövq alıram. Buna görə də Avropa çempionatı mənim üçün vacib hazırlıq mərhələsi oldu və böyük stimul verdi. Növbəti beynəlxalq startdan əvvəl bizi təlim-məşq toplanışları və ciddi hazırlıq prosesi gözləyir.


