"Qarabağ"ın oyunçusu beynəlxalq festivalın ən yaxşısı seçilib

Xəbərlər
29 Oktyabr 2023 11:12
"Qarabağ"ın oyunçusu beynəlxalq festivalın ən yaxşısı seçilib

Gürcüstanın Lentexi vilayətində “Rugby World Georgia” və Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalı keçilib.

İdman.biz xəbər verir ki, ölkəmizi yarışda Şuşanın "Qarabağ" klubunun yeniyetmələrdən ibarət komandası təmsil edib.

Komandamız qrup mərhələsində "Xaşuri" kollektivini 15:0, "Amaranti"ni 25:0 və "Kobuleti"ni 20:0 hesabı ilə məğlub etməklə, qrupda birinci yeri tutub.

1/4 final mərhələsində "Lentexi" komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda "Raşebi"yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən olan "Feniks" komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə məğlub olub.

Yekunda “Qarabağ” 12 komanda arasında 4-cü yeri tutub. Festivalın ən yaxşı oyunçusu adını komandanın üzvü Nuran Novruzlu layiq görülüb.

Klubun təsisçisi Eldar Kərimov bildirib ki, Azərbaycan reqbisi tarixində belə bir nəticə olmayıb: “Gürcüstan yarışlarında biz maksimum 2 oyunda qələbə qazanıb, 12 komanda arasında 10-cu yeri tuta bilmişdik. Budəfəki nəticə bizim düz istiqamətdə çalışdığımızı göstərir və növbəti yarışlarda komandamız daha da yaxşı çıxış edəcək. Bir müddət əvvəl klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir”.

Onun sözlərinə görə, digər yarımfinalda məğlub olan komanda 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina edib və təşkilatçılar 3-cü yeri “Qarabağ”a vermək istəyiblər. Lakin Şuşa təmsilçisi adına layiq hərəkət edib. Həm "Feniks" komandasına, həm təşkilatçılara müraciət edərək oyunun baş tutmasını təkidlə xahiş edib: “Nəticədə həmin görüşdə məğlub olsaq da, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi ruhunu qorumaqla hamının alqışını qazandıq".

Reqbiçilərimiz oktyabrın 30-u saat 00:10-da Bakıya dönəcəklər.

İdman.biz