“İzah etməli olurduq ki, reqbi Amerikan futbolu deyil” - Federasiya prezidentindən İDMAN.BİZ-ə açıqlama - FOTO/VİDEO

19 İyun 2026 17:23
134
“İzah etməli olurduq ki, reqbi Amerikan futbolu deyil” - Federasiya prezidentindən İDMAN.BİZ-ə açıqlama - FOTO/VİDEO

Sentyabr ayında Azərbaycanda reqbi klublarının sayının dörddən altıya çatdırılması planlaşdırılır. Bu, daha iri miqyaslı yarışların, o cümlədən ölkə çempionatının keçirilməsinə imkan verəcək.

Bu barədə İdman.Biz-ə açıqlamasında Azərbaycan Reqbi Federasiyasının prezidenti Eldar Kərimov məlumat verib.

Mütəxəssis bildirib ki, ölkədə reqbinin dörd növü inkişaf etdirilir və onların hər birinin öz mövsümü var:

“Hazırda bizdə çimərlik reqbisi mövsümüdür. İyunun 27-də “Sea Breeze”də bu növ üzrə turnir keçiriləcək. Burada əsasən yüngülçəkili oyunçular çıxış edirlər, çünki qum üzərində qaçmaq çətindir. Sentyabrda olimpiya növü olan reqbi-7 mövsümü başlayacaq (rəqəm komandadakı oyunçuların sayını göstərir – red.). Burada iştirakçı sayı reqbi-15-dən (reqbi-yunion) az olduğuna görə meydanda daha çox boş sahə qalır. Buna görə də bu növdə daha sürətli və çevik oyunçular üstünlük təşkil edir.

Qışda biz idman zallarına keçirik və teq-reqbi oynayırıq. Bu, təmassız reqbi növüdür və burada rəqibi dayandırmaq üçün onun üzərindəki xüsusi lent qoparılmalıdır. Bu növ xüsusilə yeni başlayanlar üçün faydalıdır: onlar komanda şəklində oynamağı və topla düzgün işləməyi öyrənirlər. Reqbi-yunionu isə yazda oynayırıq. Burada artıq daha çox toqquşmalar və tutmalar olur. Buna görə də əsasən fiziki cəhətdən daha güclü oğlanlar çıxış edirlər”.

O qeyd edib ki, Azərbaycanda inkişaf baxımından ən böyük perspektivlər reqbi-7 və reqbi-yunion növlərinə aiddir:

“World Rugby”nin tələbi var ki, olimpiya növü olan reqbi-7 yarışlarında iştirak etmək üçün əsas baza növü sayılan reqbi-15 də inkişaf etdirilməlidir. Buna görə də bizim əsas prioritetimiz reqbi-yuniondur. Eyni zamanda reqbi-7-ni də inkişaf etdiririk ki, bir neçə dövrədən sonra Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə apara bilək”.

Eldar Kərimov əlavə edib ki, yeniyetmələrdən ibarət milli komanda artıq beynəlxalq turnirlərdə iştirak təcrübəsi qazanıb və xarici səfərləri davam etdirmək niyyətindədir:

“Gənclər və İdman Nazirliyi bizə böyük dəstək verir. Keçən il Bosniya və Herseqovinada olmuşduq və reqbi-yunion üzrə üçüncü yeri tutmuşduq. Bu il Çexiyada təəssüf ki, mükafatçılar sırasına düşə bilmədik. Amma hər halda bu, daha güclü həmyaşıdlarla oynamaq baxımından çox dəyərli təcrübədir. Ümid edirəm ki, bu payız reqbi-7 üzrə ən böyük festivallardan biri olan Dubai Sevens turnirində iştirak edə biləcəyik”.

Federasiya prezidenti ölkədə reqbiyə marağın artdığını da vurğulayıb. Onun sözlərinə görə, bu idman növünün həddindən artıq travmatik olması ilə bağlı formalaşmış təsəvvür tədricən dəyişdirilib.

“Fəaliyyətimizin ilk illərində ən böyük problem valideynləri inandırmaq idi ki, reqbi Amerika futbolu deyil. Əlbəttə, burada da travma riski var, necə ki futbolda və ya basketbolda mövcuddur. Lakin reqbidə təhlükəsizlik qaydalarına böyük diqqət yetirilir, kobud qayda pozuntuları hakimlər tərəfindən ciddi şəkildə cəzalandırılır. Uşaqlara isə ilk gündən oyunun fəlsəfəsi aşılanır: həm özünü, həm də rəqibini zədədən qorumaq.

Reqbini ən azı bir dəfə sınayan yeniyetmələrin 95 faizi bu idman növü ilə məşğul olmağa davam etmək istəyir. Ancaq valideynlər internetdə gördükləri və reallığı əks etdirməyən bəzi görüntülərə görə bu idman növünü yanlış qəbul etdiklərindən hər zaman onları dəstəkləmirlər. Lakin sonda valideynlər məşqlərin nəticəsindən razı qalırlar. Əgər bir il yarım-iki il əvvəl reqbi ilə cəmi 15 nəfər məşğul olurdusa, bu gün artıq 60 oyunçumuz və dörd klubumuz var”, – deyə o fikrini yekunlaşdırıb.

İdman.Biz