Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə iyulun 3-də bloqerlər arasında növbəti avarçəkmə yarışı keçirilib.
İdman.Biz bildirir ki, yarışın əsas məqsədi sağlam həyat tərzinin təşviqi, yeniyetmə və gənclərin idmana cəlb olunması, eləcə də su idman növlərinin təbliği və geniş ictimaiyyətə tanıdılması olub.
Yarışdan əvvəl iştirakçılar federasiyanın peşəkar məşqçiləri tərəfindən avarçəkmə qaydaları və təhlükəsizlik tədbirləri ilə bağlı qısa təlimatlandırılıblar. Daha sonra onlar müəyyən edilmiş məsafədə qalibiyyət uğrunda mübarizə aparıblar. Gərgin, həmdə əyləncəli və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Kişilər arasında Ayaz Kara 1-ci, Rəsul Həsənli 2-ci, Rüstəm Buqautinov 3-cü yer tutub. Qadınların yarışında Paniz Esmaelpur çempion olub. Asiman İsmayılova 2-ci, Rufina Əliyeva 3-cu yerə layiq görülüb.
Qeyd edək ki, bu, Azərbaycan Su İdman Növləri Federasiyasının sosial şəbəkə fenomenləri (bloqerlər) arasında təşkil etdiyi sayca üçüncü avarçəkmə yarışı olub. Federasiya bundan sonra da su idman növlərinin kütləviləşdirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində silsilə layihələrin həyata keçirilməsini davam etdirəcək.
