“Mən Kürün kənarında böyümüşəm, avarçəkməni uşaqlıqdan görüb sevmişəm” - Nurlan Paşayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

29 İyun 2026 12:28
120
“Mən Kürün kənarında böyümüşəm, avarçəkməni uşaqlıqdan görüb sevmişəm” - Nurlan Paşayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Nurlan Paşayev idmanın akademik avarçəkmə növündə Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edən gənc və perspektivli idmançıdır. O, ötən gün Litvada keçirilən avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatasında uğurla çıxış edərək ölkəmizə qızıl medal qazandırıb.

İdman.Biz gənc və perspektivli idmançımızla hazırladığı müsahibəni təqdim edir.

- Nurlan, artıq 2024-cü ildən başlayaraq Azərbaycan üçün o qədər də kütləvi hesab edilməyən akademik avarçəkmə növündə ölkəmizə medallar qazandırırsan. Oxucularımıza səni daha yaxından tanıtmaq istərdik. Harada doğulmusan, avarçəkmə idmanına səni kim gətirib, ilk məşqçin kim olub?

- Mən Mingəçevir şəhərində doğulmuşam. Avarçəkmə idmanına məni atam gətirib. Bilirsiniz ki, doğulduğum şəhər Kür çayının sahilində yerləşir. Uşaqlıqdan avarçəkməni yaxından görmək imkanım olub və bu məndə həmin idman növünə böyük maraq yaradıb. İlk məşqçim isə Fazil Məmmədovdur.

- Necə düşünürsən, ölkəmiz idmanın bu növündə daha uğurlu nəticələr əldə edə bilərmi, prespektivlərimizi necə qiymətləndirirsən?

- Bəli, hesab edirəm ki, ölkəmiz bu idmanda daha uğurlu nəticələr əldə edə bilər. Perspektivimizi yüksək qiymətləndirirəm. Fürsətdən istifadə edib bizə yaratdıqları şəraitə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Kanoe və Avarçəkmə Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Biz avarçəkənlər də çalışırıq ki, hər yarışda nəticə verək. İnşallah, bütün beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa çalışacağıq.

- Yarışa hazırlıq dövrü haqqında məlumat verməyini istərdik, məşq proqramı necə qurulur, hansı rejimdə yarışa hazırlaşırsan, özünə hansısa məhdudiyyətlər qoyursanmı?

- Təbii ki, məşqlərimiz çətin keçir. Lakin nəticə əldə etmək istəyiriksə, çətinliklərin öhdəsindən gəlməliyik. Məhdudiyyətlərə gəlincə, əlbəttə, idmançı özünə müəyyən məhdudiyyətlər qoymalı, yuxu rejiminə ciddi riayət etməli, qidalanmaya fikir verməlidir.

- Avarçəkmədən əlavə hansı idman növünə marağın var?

- Avarçəkmədən başqa maraqlandlğım idman növü boks olub, lakin hazırda bütün diqqətimi peşəkar şəkildə məşğul olduğum avarçəkməyə yönəltmişəm. Öz növbəmdə hamıya özünü bu idman növündə sınamağı tövsiyə edirəm.

- Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının arzusudur. Özünü Olimpiya oyunlarında görürsən?

- Olimpiya oyunlarında iştirak etmək, orada ölkəsini təmsil etmək hər bir idmançının arzusudur. Şəxsən mən çəkinmədən bildirmək istərdim ki, özümü Olimpiya oyunlarının iştirakçısı kimi görürəm. İnşallah, orada bayrağımızı daha da yüksəklərə qaldırmağa çalışacağam.

İdman.Biz