Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTO/VİDEO

25 İyul 2026 17:04
99
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTO/VİDEO

Qazaxda avarçəkmə idman növlərinin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir 2026-cı ilin Azərbaycanın İdman Paytaxtı seçilən Qazax şəhərində reallaşıb.

Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində keçirilən tədbirdə federasiyanın idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak ediblər.

Tədbirin açılışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Su İdman Növləri Federasiyasına təşəkkürünü bildirib.

Daha sonra kayak və kanoe idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlər üçün peşəkar məşqçilərin rəhbərliyi ilə kayak qayığının idarə olunmasına dair praktiki məşğələlər keçirilib. İştirakçılara avarçəkmə idmanında özlərini sınamaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası su idman növlərinin ölkə üzrə daha geniş yayılması və bu sahəyə marağın artırılması məqsədilə analoji tədbirlərin digər bölgələrdə də mütəmadi təşkilini planlaşdırır.

İdman.Biz