Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.
İdman.Biz xəbər verir ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) təşkil olunub.
Çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edib. İdmançılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak yarışlarında isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə mübarizə aparıblar.
Yarış proqramında ilk dəfə olaraq qarışıq növ (mix) üzrə də çıxışlar keçirilib.
Sonda qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, ölkədaxili yarışların əsas məqsədi idmançıların hazırlıq səviyyəsini yoxlamaq və onlar arasında rəqabət mühitini gücləndirməkdir.
