Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

27 İyul 2026 16:25
122
Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

İyulun 28-nə nəzərdə tutulan avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının yaydığı məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar yarış iyulun 29-na keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək çempionat Bakı bulvarında, Azərbaycan Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) təşkil olunacaq.

Yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar. Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq (mix) növdə də qüvvələrini sınayacaqlar.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı çempionatının əsas məqsədi idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.

İdman.Biz
Məqalədə: