“Nümunəmlə göstərirəm ki, hər yaşda qalib gəlmək olar” - Boqdan Kurudzun İDMAN.BİZ-ə AÇIQLAMASI

27 İyun 2026 14:12
95
“Nümunəmlə göstərirəm ki, hər yaşda qalib gəlmək olar” - Boqdan Kurudzun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Karyeramı başa vursam da, məşqləri davam etdirirəm ki, idmançılara öz nümunəmlə göstərim: başlamaq üçün heç vaxt gec deyil. İstənilən yaşda yüksək nəticələr əldə etmək, yaxşı vaxt göstərmək və qalib gəlmək mümkündür”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında avarçəkmə üzrə Azərbaycan millisinin məşqçisi Boqdan Kurudz deyib.

Mütəxəssis peşəkar idmançı karyerasını başa vursa da, vaxtaşırı Masters (36-39 yaş) kateqoriyasında yarışlara qatılır. O, bu yaxınlarda Portuqaliyada keçirilən Avropa çempionatında tək kanoe ilə 200 və 500 metr məsafələrdə qalib gələrək iki qızıl medal qazanıb.

“Avropa çempionatına iki qızıl medal qazanmaq məqsədilə yollanmışdım və planım tam reallaşdı. Azərbaycan idmançısının qalib elan olunmasını eşitmək çox qürurverici idi. Gələn il də Masters kateqoriyasında bir neçə turnirdə iştirak etməyi planlaşdırıram”, - deyə Kurudz bildirib.

Boqdan Kurudzun sözlərinə görə, Azərbaycanda kanoe üzrə avarçəkmənin səviyyəsi ildən-ilə yüksəlir.

“Bu idman növünü seçən gənclərin sayı artır. Gələcəkdə beynəlxalq reqatalarda uğur qazana, finallara yüksələ və daim inkişaf edə biləcək perspektivli idmançılarımız var. Hazırda millidə çoxlu yeni simalar var və onların gözlərində böyük həvəs görünür. Onlara arzum budur ki, hər gün dünəndən daha yaxşı olsunlar. O zaman medallar da mütləq gələcək”, - deyə məşqçi fikrini yekunlaşdırıb.

İdman.Biz