Şəhid övladları üçün Mingəçevirdə idman düşərgəsi təşkil olunub - FOTO

9 Aprel 2026 16:55
226
Şəhid övladları üçün Mingəçevirdə idman düşərgəsi təşkil olunub - FOTO

“YAŞAT” Fondu və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün növbəti idman düşərgəsi keçirilib.

İdman.Biz xəbər verir ki, 6-9 aprel tarixlərində baş tutan dördüncü idman düşərgəsi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilib. Layihədə 11-15 yaş aralığında olan şəhid övladları iştirak ediblər.

Düşərgənin əsas məqsədi gənclərin fiziki sağlamlığını möhkəmləndirmək, onların idmana olan marağını artırmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olub.

Proqramın ilk günündə açılış mərasimindən sonra iştirakçılar üçün Kür çayı üzərində gəmi ekskursiyası, su təhlükəsizliyi və xilasedici təlimlər keçirilib.

Növbəti günlərdə uşaqlar avarçəkmə klubu və anqarlar ilə tanış olub, çay üzərində praktiki təlimlərə qatılıblar. Eyni zamanda, peşəkar məşqçilər tərəfindən tennis ustad dərsləri təşkil olunub və komanda yarışları keçirilib. Layihə çərçivəsində iştirakçılar avarçəkmə və kanoe üzrə milli yığma komandanın üzvləri ilə görüşmək imkanı qazanıblar.

İdman.Biz