Slovakiya yığmasının parahokkeyçisi Martin Yoqpa Paralimpiya Oyunlarında nümayiş etdirdiyi hərəkətlə gündəmə gəlib. O, yeddinci yer uğrunda keçirilən matçda qazanılan qələbədən sonra sevincini azarkeşlərlə bölüşmək üçün inanılmaz addım atıb.
İdman.Biz xəbər verir ki, ayaqları olmayan idmançı yalnız əllərinin gücü ilə stadionun hündür çəpərlərinə dırmaşaraq tribunaya, həmyerlilərinin yanına qalxıb. Yoqpanın bu iradə nümayişi və fiziki gücü həm arenadakı tamaşaçıları, həm də sosial şəbəkə istifadəçilərini heyran qoyub.
Qeyd edək ki, Martin Yoqpa Slovakiya parahokkeyinin ən tanınmış simalarından biridir. O, səkkiz yaşında keçirdiyi avtomobil qəzası nəticəsində hər iki ayağını itirsə də, idmandan qopmayıb və peşəkar karyerasında böyük uğurlara imza atıb.
