VII Uşaq Paralimpiya İdman Oyunları keçirilib - FOTO

Xəbərlər
23 Dekabr 2023 16:20
240
VII Uşaq Paralimpiya İdman Oyunları keçirilib - FOTO

Paralimpiya İdman Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

İdman.biz xəbər verir ki, açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından bəhs ediblər.

Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb.

Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. Keçirilən bu VII Uşaq Paralimpiya İdman Oyunlarının da ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, yarışların iştirakçılarına uğurlar arzu edilib.

Oyunlarda 120 uşaq paralimpiyaçı iştirak edib. Onlar 5 idman növü (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, para-pauerliftinq) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar.

Bu idman oyunlarının keçirilməsində əsas məqsəd 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və paralimpiya idman növlərində çıxış edən peşəkar idmançılar yetişdirməkdir.

İdman.biz

Məqalədə: