Cənubi Koreyada keçirilən Qran-pri turnirində qızıl medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun əsas hədəfi dünya reytinqində birinci pilləyə yüksəlmək və qarşıdakı dünya çempionatının qalibi olmaqdır.
K44 kateqoriyasında 58 kq çəki dərəsində mübarizə aparan parataekvondoçu çıxışını dəyərləndirib.
“Cənubi Koreyada keçirilən Qran-pridə çempion oldum. Bu, Qran-pri seriyasında ikinci qızıl medalımdır. Bu yarış Yay Paralimpiya Oyunlarına lisenziya xalları baxımından böyük əhəmiyyət daşıyır”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
S. Zeynalov növbəti turnirlər və gələcək planları barədə də danışıb:
“Bundan sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq Qran-pridə mübarizə aparacağıq. Cari ildə əsas hədəfimiz isə qarşıdan gələn dünya çempionatıdır. Daim qızıl medal qazanmaq üçün çox çalışırıq. Məqsədim dünya çempionatında birinci olmaq və öz çəkimdə dünya reytinqində ilk pilləyə yüksəlməkdir”.
Xatırladaq ki, Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xianq Veni məğlub edib. O, finalda braziliyalı Qustavo Ruppeli üstələyərək turnirin qızıl mükafatına yiyələnib.
