“Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım məndə böyük sevinc və qürur hissi yaratdı. Bu, illərdir çəkdiyim zəhmətə verilən dəyərdir”.
Bu sözləri Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan parapauerliftinq üzrə milli komandanın üzvü Pərvin Məmmədov deyib.
İdmançı bildirib ki, təltif olunması xəbərini eşidəndə sevincini ifadə etməkdə çətinlik çəkib.
“Zəng edib mənə bunu dediklərində təəccübləndim, nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Sevincimi ifadə edə bilmirdim, hətta gözlərim doldu. İllərdir məşq edirəm, Vətən və bayraq uğrunda canımı qoyuram. Bu qədər zəhmətdən sonra dövlətimiz tərəfindən əməyimə belə yüksək qiymət verilməsi mənim üçün çox böyük hadisədir. Əlbəttə, indiyədək də diqqət və qayğıdan kənarda qalmamışıq. Amma bu təltifin öz yeri var. Həqiqətən çox sevindim”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
P.Məmmədov xatırladıb ki, bundan əvvəl də Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub. O, yeni mükafatın da onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu mükafat mənim üçün ən böyük dəyərə malik olacaq. İdman karyeram ərzində həmişə Vətənə xidmət etməyi düşünmüşəm. Əvvəl ordenlə təltif olunanda da çox sevinmişdim. İndi isə ikinci dəfə belə bir diqqətlə qarşılaşmaq mənim üçün sözlə ifadə olunmayacaq hissdir. Elə bil dünyanı mənə verdilər. Bunu necə izah edəcəyimi bilmirəm. Dövlətimizin başçısının idmançılara göstərdiyi diqqət və qayğı insanı çox duyğulandırır”.
Milli Paralimpiya Komitəsinin 30 illiyindən də danışan P.Məmmədov bu hərəkatın bir parçası olmaqdan qürur duyduğunu bildirib. Onun sözlərinə görə, ötən illər ərzində qazandığı nailiyyətlər, yaşadığı çətinliklər və çəkdiyi zəhmət bu yubiley münasibətilə bir daha gözləri önündə canlanıb:
“Şadam ki, bu illər ərzində paralimpiya hərəkatına qoşulmuşam. Parapauerliftinq çox çətin idman növüdür. Ağır çəkilərlə mübarizə aparmaq böyük güc və iradə tələb edir. Buna baxmayaraq, bu sahədə olduğum üçün xoşbəxtəm. Bu illər ərzində çoxlu nailiyyətlər qazanmışam. Avropa çempionluğum, beynəlxalq yarışlarda Azərbaycan Himninin səsləndirilməsi, Paralimpiya Oyunlarında çıxışım və çəkdiyim zəhmət bu gün gözlərimin önündən keçir. Otuz il insana qısa müddət kimi görünə bilər. Amma geriyə baxanda nə qədər əziyyət çəkdiyini, hansı yollardan keçdiyini daha yaxşı anlayırsan. Şükürlər olsun ki, çəkdiyim zəhmətin bəhrəsini görmüşəm. Əldə etdiyim uğurlarda dövlətin və Milli Paralimpiya Komitəsinin dəstəyini, məşqçilərimin əməyini və ailəmin rolunu xüsusi qeyd etməliyəm”.
P.Məmmədov idmana yeni başlayan gənclərə də tövsiyələrini verib:
“Gənclərə məsləhətim odur ki, başqalarının mənfi fikirlərinə önəm verməsinlər, öz yolları ilə getsinlər. Ailələrinin dəstəyini alsınlar, özlərinə inansınlar və məşqçilərinin sözünə qulaq assınlar. Zərərli vərdişlərdən uzaq dursunlar. Bəzən insana deyirlər ki, sən bunu bacarmazsan, bu idman sənlik deyil. Mənə də belə sözlər deyənlər olub. Amma heç vaxt onların fikirlərinə görə yolumdan dönməmişəm. İnsan öz məqsədinə inanmalı və onun uğrunda mübarizə aparmalıdır. Elə yarışlarım olub ki, ağırlığın altına girmək çox çətin olub. Belə məqamlarda özümə demişəm ki, ya bunu bacaracağam, ya da cəhd etməkdən əl çəkməyəcəyəm. İdmançıda xarakter, əzm və mübarizə ruhu olmalıdır. Əsas məsələ məşqləri davam etdirmək, çətinliklərdən qorxmamaqdır. Gənclər ürəkdən istəsələr və əziyyət çəksələr, çox şeyə nail ola bilərlər”.
Qeyd edək ki, Sərəncama əsasən, Pərvin Məmmədovdan başqa, Elvin Astanov, Oloxan Musayev (hər ikisi nüvəitələmə) və Ramil Qasımov (paracüdo) da Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunublar.
