“Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim. Sadəcə, əlimdən ciddi zədə aldım və istədiyim kimi döyüşə bilmədim. Bürünc mükafatla kifayətlənmək məcburiyyətində qaldım”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
28 yaşlı idmançı Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında və Qazaxıstanın paytaxtı Astanadakı Qran-pri Finalında bürünc medal qazanmasından, həmçinin qarşıdakı hədəflərindən söz açıb:
“Astanadakı Qran-pri Finalında isə ən güclü səkkiz idmançı iştirak edirdi. Zədəli baxmayaraq, mübarizə apardım. Yarımfinalda məğlub oldum və daha sonra bürünc medal qazandım. Ən böyük hədəfim isə yenidən paraolimpiya və dünya çempionu olmaqdır”.
Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibidir. O, 2023-cü ildə isə dünya çempionu titulunu qazanıb.
