Mərakeşin paytaxtı Rabatda keçirilən cırtdanlar arasında futbol üzrə dünya çempionatında qalmaqallı hadisə baş verib.
İdman.Biz xəbər verir ki, turnirin qrup mərhələsində Mərakeş və Kolumbiya yığmaları arasında keçirilən qarşılaşma kütləvi dava ilə yadda qalıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Final fitindən sonra futbolçular arasında başlayan mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
Hər iki komandanın üzvləri arasında itələşmə və yumruqlaşma yaşanıb. Vəziyyətin gərginləşməsi səbəbindən polis əməkdaşları meydana daxil olaraq futbolçuları ayırmaq məcburiyyətində qalıblar.
İlkin məlumatlara görə, qarşıdurmaya Kolumbiya futbolçularının heç-heçəni qeyd etməsi zamanı yaranan gərginlik səbəb olub. Kolumbiya tərəfi isə oyunçularının özünümüdafiə məqsədilə hərəkət etdiyini bildirib və hadisənin araşdırılmasını tələb edib.
Qeyd edək ki, 16 yığmanın iştirak etdiyi dünya çempionatı ikinci dəfə təşkil olunur. Turnir ilk dəfə Afrika qitəsində keçirilir.
