“Sabah”ın qapıçısına “Barselona” ilə oyun öncəsi ispaniyalı məşqçidən xəbərdarlıq

24 Noyabr 2026 10:45
61
“Sabah”ın qapıçısına “Barselona” ilə oyun öncəsi ispaniyalı məşqçidən xəbərdarlıq

Qazaxıstanın “Kayrat” futbol komandasının sabiq baş məşqçisi Karlos Alos Ferrer UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və “Barselona” arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz “ASnews” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin kapitanı və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla birgə çalışdığı dövrü xatırlayıb.

“İlk növbədə, Stasa görə çox sevinirəm. O, əla qapıçıdır. Birlikdə işlədiyimiz dövrdən onu böyük peşəkar kimi xatırlayıram. Qapı xəttində möhtəşəm reaksiyaya və yüksək sürətə malikdir. Açığı, onu belə səviyyəli qarşılaşmada görmək mənim üçün əsl qürur mənbəyidir”, - deyə Ferrer bildirib.

Mütəxəssis Çempionlar Liqasının hazırkı formatının belə qarşılaşmalar üçün daha geniş imkanlar yaratdığını vurğulayıb:

“Kayrat”ı çalışdırdığım vaxt üç təsnifat mərhələsini keçdik. İkinci mərhələdə Niderlandın AZ komandasını mübarizədən kənarlaşdırdıq. Lakin o zaman qrup mərhələsinə yüksəlmək olduqca çətin idi. İndiki formatda belə oyunlarda iştirak etmək nisbətən asandır”.

İspaniyalı məşqçi sabiq yetirməsinə “Barselona” ilə qarşılaşma öncəsi tövsiyə də verib:

“Onun üçün çox çətin və böyük enerji tələb edən oyun olacaq. Stasa uğurlar arzulayıram. Öz oyununu göstərsin, qarşılaşmadan zövq alsın və bir saniyə belə konsentrasiyasını itirməsin”.

Qeyd edək ki, Karlos Alos Ferrer 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabrına qədər “Kayrat”a rəhbərlik edib və komandanı Qazaxıstan Kubokunun qalibi edib. Stas Pokatilov onun rəhbərliyi altında 35 oyun keçirib.

“Sabah” - “Barselona” qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla beşinci, “Sabah” isə üç xalla 31-ci pillədə qərarlaşıb.

İdman.Biz